ABŞ İranla aparılacaq danışıqlar çərçivəsində əvvəl irəli sürdüyü üç əsas tələbdən ikisini ləğv edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Axios" nəşri yazıb.
Belə ki, İranın ballistik raket proqramına məhdudiyyətlər və regional qruplara (Hizbullah, Husilər və s.) maliyyə dəstəyinin dayandırılması məsələləri artıq danışıqlar gündəliyinə daxil edilməyəcək.
Məlumata əsasən, amerikalılar əvvəlcə istisna etdiklərini bildirsələr də, İran tərəfinin təkidi ilə görüşün yerinin Omana köçürülməsinə razılıq veriblər. Omanda keçiriləcək görüşlərdə yalnız İranın nüvə proqramı müzakirə olunacaq.
Axios yazır ki, ABŞ son ana qədər Tehrana maksimum təzyiq siyasətini davam etdirmək niyyətində olub. Lakin İranın İstanbulda keçiriləcək danışıqlardan imtina etməsindən sonra Vaşinqton mövqeyini yumşaltmağa məcbur qalıb.
Mənbənin bildirdiyinə görə, 9 Yaxın Şərq dövlətinin ciddi diplomatik təzyiqi nəticəsində ABŞ İranla Omanda danışıqlar aparmağa razılaşıb. Nəticədə, Vaşinqton əvvəl tələb etdiyi kimi Tehrandan proksi qüvvələrə dəstəyin dayandırılmasını və ballistik raketlərin uçuş məsafəsi ilə bağlı məhdudiyyətləri gündəmə gətirməyəcək.