Davos Forumu: Qlobal dialoqun mərkəzi və onun əhəmiyyəti
Dünya İqtisadi Forumu (World Economic Forum – WEF), daha çox “Davos Forumu” adı ilə tanınan bu platforma müasir dünyanın ən nüfuzlu beynəlxalq müzakirə məkanlarından biridir. Hər il İsveçrənin Davos şəhərində keçirilən illik toplantı qlobal iqtisadi, siyasi və sosial məsələlərin müzakirəsi üçün dövlət başçılarını, biznes liderlərini, alimləri, jurnalistləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.
Dünya İqtisadi Forumu 1971-ci ildə alman əsilli İsveçrə professoru Klaus Şvab tərəfindən təsis edilib. Əvvəlcə “Avropa Menecment Forumu” adı ilə fəaliyyət göstərən təşkilatın əsas məqsədi Avropa şirkətlərinin ABŞ biznes strukturları ilə rəqabət qabiliyyətini artırmaq idi. Mühəndis və iqtisadçı olan Klaus Şvab “stakeholder kapitalizmi” konsepsiyasını irəli sürərək, şirkətlərin yalnız səhmdarlara deyil, eyni zamanda işçilərə, tərəfdaşlara və bütövlükdə cəmiyyətə qarşı məsuliyyət daşımalı olduğunu vurğulayıb. Forumun ilk toplantısı 1971-ci ildə Davosda keçirilib və həmin vaxtdan etibarən bu şəhər təşkilatın simvoluna çevrilib.
1987-ci ildə təşkilat rəsmi olaraq “Dünya İqtisadi Forumu” adını alıb və qlobal iqtisadi böhranlar, siyasi transformasiyalar və texnoloji inqilablar fonunda fəaliyyət dairəsini genişləndirib. Tarixə düşən mühüm hadisələrdən biri 1992-ci ildə Nelson Mandela və F. V. de Klerkin Davosda görüşü olub ki, bu da aparteid rejiminin sona çatmasının rəmzi kimi qiymətləndirilir. 1998-ci ildə isə G20 formatının yaradılması ideyası məhz Davos platformasında müzakirə edilib. Son 50 ildən artıq müddətdə forum Berlin Divarının dağılmasından tutmuş qlobal iqlim dəyişikliklərinə qədər dünya tarixinin əsas dönüş nöqtələrini əhatə edən diskussiyaların mərkəzində yer alıb.
Hazırda WEF-in qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Təşkilat yalnız illik Davos toplantısı ilə kifayətlənmir, il ərzində “Qlobal Risklər Hesabatı”, “Qlobal Gender Bərabərsizliyi Hesabatı” kimi mühüm analitik sənədlər dərc edir, regional toplantılar keçirir və 11 ixtisaslaşmış mərkəz vasitəsilə qlobal problemlərə həll yolları axtarır.
Forumun mahiyyəti: dialoq, əməkdaşlıq və qlobal problemlər:
Dünya İqtisadi Forumunun əsas məqsədi “dünyanın vəziyyətini yaxşılaşdırmaq” ideyası ətrafında biznes, siyasət, elm və vətəndaş cəmiyyəti liderlərini birləşdirməkdir. Forum qlobal problemlərin müzakirəsi üçün neytral dialoq platforması yaradır və burada əməkdaşlıq, innovasiya və ortaq məsuliyyət anlayışları ön plana çıxır. Davosda keçirilən illik toplantılar adətən yanvar ayının sonunda baş tutur və təxminən 3 min iştirakçını, o cümlədən dövlət və hökumət başçılarını, iri korporasiyaların rəhbərlərini, investorları və ictimai xadimləri bir araya gətirir. Toplantılar çərçivəsində 500-dən çox panel və sessiya təşkil olunur.
Forumun gündəliyi hər il dəyişir. Məsələn, 2026-cı il toplantısı “Dialoqun Ruhu” mövzusuna həsr olunub və burada əməkdaşlıq, iqtisadi artım, insan kapitalına investisiyalar, innovasiya və rifahın yaradılması kimi əsas istiqamətlər müzakirə edilib. Davos Forumu iqtisadi bərabərsizlik, iqlim dəyişikliyi, texnoloji inkişaf, kibertəhlükəsizlik və davamlı inkişaf kimi qlobal çağırışları gündəmə gətirir. Bu müzakirələr yalnız nəzəri xarakter daşımır, eyni zamanda “Sənaye Klasterlərinin Keçidi” kimi konkret təşəbbüslərin formalaşmasına zəmin yaradır.
WEF-in ideoloji əsaslarından biri “stakeholder kapitalizmi” anlayışıdır. 1973-cü ildə qəbul edilən və 2020-ci ildə yenilənən Davos Manifesti biznes liderləri üçün etik çərçivə rolunu oynayır. Forum bəzən qlobal elitlərin “neoliberal” yanaşmalarını təşviq etməkdə ittiham olunsa da, eyni zamanda ictimai-özəl tərəfdaşlıqların gücləndirilməsinə xüsusi önəm verir.
Davosda İsrail-Türkiyə liderlərinin qarşıdurması:
Davos Böhranı və ya “One Minute” çıxışı 29 yanvar 2009-cu ildə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu paneli zamanı Türkiyə Respublikasının o zamankı Baş naziri Rəcəb Tayyib Ərdoğan, Dünya İqtisadi Forumunun moderatoru David İqnatius və İsrailin Prezidenti Şimon Peres arasında baş vermiş hadisədir. Hadisə zamanı Ərdoğan moderatorun mövqeyinə etiraz etmiş, İsrailin Fələstin xalqına qarşı zülm etdiyini bildirmiş və bundan sonra paneli tərk etmişdir.
Ərdoğanın çıxışından:
“Cənab Peres, siz məndən yaşlısınız. Səsiniz çox yüksək çıxır. Mən bilirəm ki, səsin bu qədər yüksək olması günahkarlıq psixologiyasının nəticəsidir. Mənim səsim bu qədər yüksəlməyəcək, bunu da belə bilin. Öldürməyə gəldikdə isə, siz öldürməyi çox yaxşı bilirsiniz! Çimərliklərdə uşaqları necə öldürdüyünüzü, necə vurduğunuzu çox yaxşı bilirəm. Ölkənizdə baş nazir olmuş iki nəfərin mənə aid etdiyi ifadələr var: ‘Tankların üzərində Fələstinə daxil olduğum zaman özümü daha xoşbəxt hiss edirəm’ deyən baş nazirləriniz olub. ‘Tankların üzərinə çıxıb Fələstinə girdiyim zaman özümü xoşbəxt hiss edirəm’ deyən baş nazirləriniz olmuşdur və siz mənə rəqəmlər təqdim edirsiniz. İstəyənlər olsa, ad da çəkə bilərəm. Bu zülmə alqış tutanları ayrıca qınayıram. Çünki uşaqları və insanları öldürənlərə alqışlamaq, düşünürəm ki, bu da ayrıca bir insanlıq cinayətidir.”
Ərdoğan davam edib: “Bağışlayın, bağışlayın… bir dəqiqə… Tövrat… Bağışlayın, bir dəqiqə… Sözümü kəsməyin!.. Birincisi: Tövratın altıncı maddəsində deyilir ki, ‘Öldürməyəcəksən!’ (yəhudi inancının ən müqəddəs mətnlərindən biri olan On Əmr-in altıncı maddəsi nəzərdə tutulur). Burada isə öldürmə var.
İkincisi: Baxın, bu da çox maraqlıdır. Gilard Azamoni deyir ki, ‘İsrailin barbarlığı zalımlıqdan da çox-çox irəlidədir’. Bunu deyən bir yəhudidir. Bununla yanaşı, İsrail ordusunda hərbi xidmət keçmiş, Oksford Universitetinin Beynəlxalq Münasibətlər üzrə professoru Avi Şalom Britaniyanın Guardian qəzetində yazır ki, İsrail artıq “quldur dövlət” statusu qazanıb.”
Daha sonra Ərdoğan təşəkkür edərək “benim için de bundan böyle, bundan böyle, Davos bitmiştir. Daha Davos-a gelmem! Bunu da böyle bilesin!” deyərək paneli tərk etdi.
Forumun əhəmiyyəti: qlobal təsir və dəyişikliklər
Davos Forumu qlobal iqtisadiyyatın “nəbzinin tutulduğu” əsas platformalardan biri hesab olunur. Onun əhəmiyyəti, ilk növbədə, liderlərin şəbəkələşməsi, qərarların formalaşması və yeni əməkdaşlıqların qurulması ilə bağlıdır. Burada beynəlxalq razılaşmalar əldə olunur, investisiya layihələri müzakirə edilir və qlobal trendlər müəyyənləşdirilir. 2026-cı ildə 60-dan çox dövlət və hökumət başçısının forumda iştirakı Davosun dialoq platforması kimi əhəmiyyətini bir daha nümayiş etdirib.
Forumun təsir dairəsinə iqtisadi böhran dövrlərində aparılan müzakirələr də daxildir. Məsələn, maliyyə böhranları zamanı Davos platformasında islahatlar və inkişaf etməkdə olan iqtisadiyyatların qlobal sistemə inteqrasiyası məsələləri müzakirə olunub. WEF-in hazırladığı hesabatlar qlobal qərarvermə proseslərinə ciddi təsir göstərir. Eyni zamanda forum siyasi dialoq, innovasiya və davamlı inkişafın təşviqi baxımından mühüm rol oynayır. Bununla yanaşı, Davos Forumu tez-tez “elitlər klubu” kimi tənqid edilir, lakin təşkilat bu iradlara cavab olaraq inklüzivliyi artırmaq istiqamətində addımlar atdığını bildirir.
Azərbaycanın Davos Forumundakı iştirakı: regional və qlobal rol
Azərbaycan Dünya İqtisadi Forumunun aktiv iştirakçılarından biridir. Prezident İlham Əliyev hər il Davos toplantılarında iştirak edərək ölkəni enerji, tranzit və iqtisadi inkişaf mərkəzi kimi təqdim edir. 2026-cı ildə keçirilən “Azerbaijan Executive Breakfast” çərçivəsində enerji keçidi, investisiya imkanları və regional əməkdaşlıq məsələləri müzakirə olunub. Prezident İlham Əliyev çıxışlarında Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında etibarlı, təhlükəsiz və dost körpü rolunu vurğulayıb. Azərbaycanın Davos Forumundakı mövqeyi bir neçə əsas istiqamətdə özünü göstərir. Ölkə enerji keçidi və yaşıl layihələr sahəsində WEF-in təşəbbüslərinə qoşulub, Orta Dəhliz vasitəsilə Avrasiyanın nəqliyyat və logistika xəritəsində mühüm rol oynayır. Davos platformasında aparılan danışıqlar nəticəsində milyardlarla dollar dəyərində investisiya layihələri müzakirə olunub və beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq əlaqələri genişləndirilib. Azərbaycan bu platformadan regional təhlükəsizlik, iqtisadi inkişaf və dialoq mədəniyyətinin təşviqi üçün də istifadə edir.
Davos Forumu qlobal problemlərin müzakirəsi və həlli üçün mühüm beynəlxalq platforma olaraq qalır. Onun əsas gücü dialoq imkanlarında, əhəmiyyəti isə real təsir mexanizmlərindədir. Azərbaycan kimi ölkələr üçün Davos Forumu qlobal səhnədə mövqelərin möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm fürsət yaradır. Gələcəkdə WEF-in iqlim, texnologiya və sosial bərabərlik mövzularına daha çox fokuslanacağı gözlənilir və bu da qlobal əməkdaşlığın dərinləşməsinə töhfə verə bilər.
Ayhan
11:00 28.01.2026
Oxunuş sayı: 590