Azərbaycan iqtisadiyyatında zəifləmə və yeni reallıqlar
Dövlət Statistika Komitəsi tərəfindən 2026-cı ilin ilk rübünə dair açıqlanan rəqəmlər göstərir ki, Azərbaycan iqtisadiyyatı artıq sadəcə zəifləmə mərhələsində deyil, yeni reallıqla üz-üzədir. ÜDM-in 29,7 milyard manat təşkil etməsi və 0,3% azalması texniki göstəricidən daha çox məna daşıyır. Bu dinamika iqtisadi artımın əvvəlki mənbələrinin tükənmək üzrə olduğunu göstərir.
Ən diqqətçəkən məqam enerji sektorundakı geriləmədir. Neft-qaz sektorunda əlavə dəyərin 1,2% azalması qlobal enerji qiymətlərinin yüksək olduğu bir dövrdə baş verir. Bu, klassik iqtisadi məntiqə zidd görünə bilər. Lakin reallıq ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı hələ də əsasən fiziki hasilat həcmlərinə bağlıdır və qiymət artımı bu məhdudiyyəti kompensasiya etmir. Bu, artıq uzun müddətdir müzakirə olunan struktur problemin açıq təzahürüdür.
Qeyri-neft sektorunda 0,2%-lik artım isə statistik olaraq müsbət görünsə də, iqtisadi baxımdan artım hesab oluna bilməz . Bu, faktiki olaraq stagnasiyadır. Qeyri-neft sənayesində 7,2%-lik artım kimi lokal müsbət dinamika olsa da, bu artım iqtisadiyyatın ümumi tempinə təsir etmir. Bu isə iqtisadi sistem daxilində ötürücülük mexanizmlərinin zəif işlədiyini göstərir.
Xarici ticarət göstəriciləri vəziyyətin daha ciddi olduğunu göstərir. Xarici ticarət dövriyyəsinin 23,5%, idxalın 37,1%, ixracın isə 9,6% azalması iqtisadi aktivliyin geniş miqyasda daraldığını göstərir. İdxalın bu qədər kəskin azalması yalnız müsbət balans kimi təqdim oluna bilməz. Bu, eyni zamanda investisiya aktivliyinin zəifləməsi, biznes mühitində qeyri-müəyyənliyin artması və iqtisadi subyektlərin riskdən qaçma davranışına keçməsi ilə bağlıdır.
Əhalinin gəlirləri ilə bağlı dinamika da bu prosesi dərinləşdirir. Nominal əməkhaqlarının 5,3% artmasına baxmayaraq, inflyasiyanın 5,7% olması real gəlirlərin azalmasına gətirib çıxarır . Bu isə daxili tələbin zəifləməsi deməkdir. Halbuki müasir iqtisadi inkişaf modellərində daxili bazarın gücü artımın əsas dayaqlarından biri hesab olunur.
Bütün bunların fonunda Azərbaycanın strateji valyuta ehtiyatlarının 85 milyard ABŞ dollarını keçməsi xüsusi diqqət çəkir. Yəni problem resursların çatışmazlığı deyil. Problem bu resursların iqtisadi artıma necə çevrilməsidir. Bu vəziyyət Azərbaycanın iqtisadi inkişaf modelində uzun müddətdir mövcud olan uyğunsuzluğu bir daha üzə çıxarır.
Beynəlxalq təcrübə də göstərir ki, yüksək maliyyə ehtiyatlarına malik olmaq avtomatik olaraq yüksək iqtisadi artım demək deyil. Beynəlxalq Valyuta Fondu və Dünya Bankının hesabatlarında qeyd olunur ki, uzunmüddətli artımın əsas determinantları institusional keyfiyyət, rəqabət mühiti və məhsuldarlıqdır. Bu baxımdan Azərbaycan iqtisadiyyatında əsas problem resursların həcmi deyil, onların effektiv idarə olunmasıdır.
Bu kontekstdə əvvəlki təhlillərimizdə də qeyd olunduğu kimi, iqtisadi artımın məhdudlaşmasının əsas səbəblərindən biri institusional quruluş və idarəetmə modelidir . İqtisadi funksiyaların bir mərkəzdə cəmləşməsi, qərarvermə prosesinin kompleksliyi və koordinasiya problemləri iqtisadi dinamikanın sürətini aşağı salır. İdarəetmə nəzəriyyəsində bu hal “institusional yüklənmə” kimi xarakterizə olunur.
Digər mühüm məsələ iqtisadi imkanlara çıxışın məhdudluğu və rəqabət mühitinin yetərincə inkişaf etməməsidir. Bu halda kapital və investisiyalar iqtisadiyyatın geniş seqmentlərinə yayılmır və iqtisadi aktivlik müəyyən sahələrdə cəmləşir. Bu isə yeni iqtisadi təşəbbüslərin yaranmasını çətinləşdirir.
Mövcud şəraitdə aşağıdakı siyasət istiqamətləri xüsusi əhəmiyyət kəsb edir:
1. Yüksək əlavə dəyər yaradan qeyri-neft sektorlarına yönəldilmiş məqsədli investisiya proqramlarının genişləndirilməsi.
2. İqtisadi blok daxilində səlahiyyət bölgüsünün optimallaşdırılması və qərarvermə prosesinin sürətləndirilməsi.
3. İnzibati baryerlərin azaldılması və bazara giriş imkanlarının genişləndirilməsi ilə yeni bizneslərin təşviqi.
4. İnflyasiya ilə mübarizənin gücləndirilməsi və əmək məhsuldarlığına əsaslanan gəlir artımının təmin edilməsi.
5. Yeni ixrac istiqamətlərinin inkişafı və beynəlxalq bazarlara çıxış imkanlarının sistemli şəkildə artırılması.
Bugünkü rəqəmlər iqtisadiyyatın zəiflədiyini göstərməkdən daha çox, mövcud inkişaf modelinin sərhədlərini üzə çıxarır. Azərbaycan artıq resurslara əsaslanan artım mərhələsini böyük ölçüdə geridə qoyur və yeni mərhələyə – daha mürəkkəb, daha çox institusional keyfiyyət və effektiv idarəetmə tələb edən mərhələyə daxil olur. Bu keçidin nə dərəcədə uğurlu olacağı isə mövcud imkanların necə istifadə olunmasından, qəbul edilən qərarların keyfiyyətindən və iqtisadi siyasətin nə dərəcədə real sektorun ehtiyaclarına uyğunlaşdırılmasından asılı olacaq.
10:21 14.04.2026
Oxunuş sayı: 1191
Aqil Eyvazov
Cross Media Təhlil Mərkəzinin analitiki, iqtisad üzrə fəlsəfə doktoru, dosent, "İqtisadiyyat və Hüquq" İctimai Birliyinin sədri