ABŞ-dən kürdlərə açıq mesaj: Dövlət vədi heç vaxt olmayıb
ABŞ-nin Suriyadakı sabiq səfiri və Yaxın Şərq üzrə keçmiş xüsusi nümayəndəsi Ceyms Cefferi SDF/YPG tərəfindən səsləndirilən “xəyanət” ittihamlarını qəbuledilməz adlandırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Cefferi bildirib ki, əvvəlki dövrdə kürdlərə göstərilən dəstəyin əsas səbəbi Əsəd rejiminin Şamda həyata keçirdiyi siyasət olub və həmin mərhələdə kürdlərin qorunmasına ehtiyac yaranıb. Onun sözlərinə görə, hazırkı şəraitdə kürdlər həm beynəlxalq ictimaiyyətə, həm də ölkə daxilində hər kəsə açıq olan Şam hökuməti ilə anlaşma yolunu seçməlidirlər.
Keçmiş diplomat vurğulayıb ki, ABŞ heç vaxt kürd dövlətinin yaradılmasına və ya dəstəklənməsinə dair vəd verməyib. “ABŞ heç bir zaman kürdlərə dövlət vədi etməyib. Əməkdaşlıq hər zaman müvəqqəti və taktiki xarakter daşıyıb və yalnız İŞİDlə mübarizə məqsədinə xidmət edib”, – deyə Cefferi qeyd edib.
O əlavə edib ki, mövcud mərhələdə kürdlər vilayət səviyyəsində müəyyən idarəetmə statusu əldə edə bilərlər, lakin bundan artığı mümkün deyil. “Suriyada bir dövlət var və o da Şamdır”, – deyə sabiq səfir vurğulayıb.
14:57 26.01.2026
Oxunuş sayı: 510