İran ABŞ və İsraili beynəlxalq hüququ pozmaqda ittiham edir
İran ABŞ və İsraili ölkənin nüvə obyektlərinə hücum etməklə beynəlxalq hüququ pozmaqda ittiham edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında açıqlama verib. O bildirib ki, zədələnmiş nüvə obyektlərinə girişin hazırda mümkün olmaması Tehranın məsuliyyəti deyil.
Bəqayinin sözlərinə görə, yaranmış vəziyyət ABŞ və İsrail tərəfindən İranın nüvə obyektlərinə beynəlxalq hüquqa zidd hücumların nəticəsidir.
“İran beynəlxalq öhdəliklərinə sadiqliyi ilə seçilir. İran qədər öz öhdəliklərinə əməl edən başqa bir ölkə göstərilsin”, – deyə XİN sözçüsü vurğulayıb. O, zədələnmiş obyektlərin əlçatan olmaması ilə bağlı ittihamların ədalətsiz və əsassız olduğunu qeyd edib.
İran XİN nümayəndəsi "Atom Enerjisi üzrə Beynəlxalq Agentlik"in baş direktoru Rafael Qrossiyə də müraciət edərək, zədələnmiş obyektlərin yoxlanılması üçün aydın və konkret prosedurun mövcud olub-olmadığına dair sualın cavablandırılmasını tələb edib.
Bəqayinin sözlərinə görə, İran məsuliyyət nümayiş etdirərək bu istiqamətdə mexanizm hazırlayıb və məsələ ilə bağlı Qahirədə anlaşma memorandumu təsdiqlənib.
14:02 26.01.2026
Oxunuş sayı: 419