Çin süni intellekti döyüşə hazırlayır
Çində süni intellektə malik dronlar yırtıcı quşların və heyvanların davranışları təqlid edilərək öyrədilir ki, döyüş və kəşfiyyat əməliyyatları üçün effektiv dron sürüləri yaradılsın.
Crossmedia.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.
Pekin Aviasiya və Kosmonavtika Universitetinin tədqiqatçıları “şahinlər” və “göyərçinlər” arasında qarşılıqlı əlaqəni modelləşdiriblər. Bu yanaşma hücumçu dronların yayınma manevrlərini öyrənməsinə, müdafiə xarakterli dronların isə zəif hədəfləri aşkar etməsinə imkan verir. “Beşə-beş” formatında keçirilən sınaqda “göyərçinlər” cəmi 5,3 saniyə ərzində məhv edilib.
Qeyd olunur ki, bu texnoloji işləmələr 2024-cü ildə patentləşdirilib və hərbi məqsədlər üçün dron sürü intellekti sahəsində aparılan Çin tədqiqatları silsiləsinə daxildir.
Nəşr vurğulayır ki, Çin ordusu dron sürülərinin, robot itlərin və digər avtonom sistemlərin idarə olunmasında insan iştirakı minimuma endirilməklə süni intellektdən fəal şəkildə istifadə edir.
Turqut Ansari
11:01 26.01.2026
Oxunuş sayı: 539