ABŞ ilə Ukrayna arasında fikir ayrılığına səbəb olan əsas mövzu açıqlandı
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın onun sülh danışıqlarını ləngitməsi ilə bağlı iradına cavab verib.
"Bəzi məsələlərdə sadəcə ABŞ ilə eyni mövqedə deyilik. Bu, başadüşüləndir; mən dövlətimizin maraqlarını müdafiə edirəm. Və mənim fikrimcə, ultimatumlar demokratik münasibətlər üçün işlək olmayan bir modeldir", - deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, təhlükəsizlik zəmanətləri ilə bağlı bəzi materiallar tezliklə yekunlaşacaq:
"Əgər hər şey yekunlaşdırılarsa, ABŞ tərəfindən razılıq olarsa, sülhə yaxınıq. Çünki inanıram ki, biz öz tərəfimizdən işimizi bitirmişik. Razılıq olarsa, təhlükəsizliklə bağlı sənədləri Davosda imzalamaq mümkün olacaq".
Ukrayna prezidenti, həmçinin qeyd edib ki, bu gün səhər saatlarında Ukraynaya hava hücumundan müdafiə (HHM) sistemləri üçün son partiya raket paketi çatdırılıb.
"Bu səhərə qədər bir neçə sistemimizdə raket yox idi. Bu gün bunu açıq şəkildə deyə bilərəm ki, artıq bu gün bizdə bu raketlər var", - deyə V.Zelenski vurğulayıb.
Son dövrlərdə Ukrayna ətrafında gedən sülh danışıqları beynəlxalq siyasətin əsas müzakirə mövzularından birinə çevrilib. Xüsusilə ABŞ və Ukrayna rəhbərliyi arasında danışıqların tempi və şərtləri ilə bağlı fikir ayrılıqları diqqət çəkir. Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamaları isə Kiyevin həm milli maraqlarını qorumaqda israrlı olduğunu, həm də sülhə yaxınlaşmaq niyyətini ortaya qoyur. Zelenskinin bəyanatları təhlükəsizlik zəmanətləri və hərbi dəstək məsələlərinin həlledici mərhələyə daxil olduğunu göstərir.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Natiq Miri bildirib ki, Ukrayna Prezidenti Zelenskinin bu açıqlaması Trampın münaqişənin həlli ilə bağlı əsas maneənin Putinin yox, Zelenskinin olduğu barədə fikrindən sonra verilib: “Bu, gerçəkliyə uyğun deyil. Donald Trampın bu açıqlamasına verilən reaksiyalardan da görünür ki, əksər dünya dövlətləri, o cümlədən Avropanın aparıcı ölkələri bu fikrlə razı deyillər. Çünki problemin həlli məhz Putinin davranışından asılıdır. Trampın öz açıqlamalarında da dəfələrlə Putinin bu prosesdə maneə olduğunu bəyan etdiyi məlumdur”.
Politoloq qeyd edib ki, hazırda dəyişən heç bir şey yoxdur: “Nə Rusiya tərəfi ABŞ-nin təqdim etdiyi sülh sənədini qəbul edib, nə də Putin irəli sürdüyü şərtlərdən geri çəkilib. Donbasın işğal olunmamış əraziləri ilə bağlı Ukrayna ordusunun qeyd-şərtsiz geri çəkilməsi tələbi hələ də qüvvədədir. Hətta bəzi vilayətlərdə – Zaporojye, Dnepropetrovsk, Xarkov, Sumı kimi həmsərhəd bölgələrdə tampon zonaların yaradılmasından danışılır”.
N.Miri vurğulayıb ki, real vəziyyət belə olduğu halda, Trampın maneənin Zelenski olduğunu deməsi həm ədalətsiz, həm də həqiqətə uyğun deyil: “Zelenski məhz bu fonada açıqlamasında ABŞ ilə bəzi məsələlərdə razılaşmadığını bildirir. Əsas strateji mövqe isə ərazi məsələləridir. ABŞ hələ də Ukraynadan Donbas ərazilərini qeyd-şərtsiz Rusiyaya verməyi tələb edir ki, bu, Ukrayna üçün qəbuledilməzdir. Əks halda Donbasda əldə saxlanılan 9000 kvadrat kilometr ərazi üçün verilən itkilər, insan qurbanları və dağıntılar mənasız olar”.
Politoloq əlavə edib ki, Ukrayna üçün mövzu həm də dövlətin ali qanunu və Konstitusiya ilə bağlıdır: “Ərazi məsələlərində referendum və xalqın rəyini nəzərə almadan qərar qəbul etmək mümkün deyil. Eyni zamanda enerji təhlükəsizliyi məsələləri də hələ həll olunmayıb. Zaporojye Atom Elektrik Stansiyasının idarəçiliyində razılıq yoxdur. Ukrayna yarı-yarıya paylaşmanı təklif edir, ABŞ isə üçdə bir pay prinsipini irəli sürür ki, bu da hələlik qəbul edilməyib. ABŞ hələ də dondurulmuş Rusiya aktivlərinin Ukrayna tərəfindən bərpa və yenidənqurma işlərinə yönəldilməsinə mane olur. Təhlükəsizlik məsələləri də qalmaqdadır. Atəşkəs və sülh sənədi imzalansa belə, Rusiyanın yenidən hərbi əməliyyatlara başlaması halında ABŞ və NATO-nun reaksiyası hələlik aydın deyil”.
Müsahibimiz əlavə edib: “ABŞ Qəzza modelinə bənzər sülh-şurası yaratmaq ideyasını təklif edir. Bu şuraya ABŞ, Ukrayna, NATO, Avropa ölkələri və Rusiya daxil ola bilər. Burada gələcək təcavüz risklərinin qarşısının alınması nəzərdə tutulur. Amma bunlar hələlik layihə və fikir səviyyəsindədir. Sülh sənədi Rusiya tərəfindən qəbul edildiyi halda real müzakirə başlaya bilər”.
Mehriban Yariyeva
10:38 20.01.2026
Oxunuş sayı: 1687