Dəməşq İraq-Türkiyə sərhədini nəzarətə götürməyi tələb edib
Suriya hakimiyyəti Suriya Demokratik Qüvvələrinə (SDF/SDQ) ölkə daxilində inteqrasiya və nəzarətin mərkəzi hökumətə verilməsi ilə bağlı plan təqdim edib. Al Majalla nəşrinin məlumatına görə, Dəməşqin SDQ-yə təqdim etdiyi plan 12 bənddən ibarətdir.
Crossmedia-az xarici KİV-ə istinadən xəbər verir.
Plana əsasən, SDQ döyüşçüləri Suriya Ərəb Ordusuna yalnız fərdi qaydada qəbul edilməlidir. Döyüşçülərin bölmə və ya briqada şəklində orduya inteqrasiyası nəzərdə tutulmur ki, bu da faktiki olaraq SDF-in ləğvi anlamına gəlir.
Sənəddə həmçinin İraq və Türkiyə ilə sərhəd-keçid məntəqələrinin Dəməşqin nəzarətinə verilməsi tələb olunur. Bununla yanaşı, SDQ qüvvələrinin əsasən ərəblərin yaşadığı Deyr əz-Zor və Rəqqa vilayətlərindən çıxarılması, neft və qaz obyektlərinin isə mərkəzi hökumətə təhvil verilməsi nəzərdə tutulur.
Plan çərçivəsində bəndlər və su infrastrukturu üzərində nəzarətin də hökumətə ötürülməsi tələb edilir. Hasekə vilayətində birgə idarəetmə orqanının yaradılması, SDQ lideri Mazlum Abdinin Hasekə qubernatoru təyin edilməsi də bəndlər arasında yer alır. Eyni zamanda, SDQ nümayəndələrinə dövlət strukturlarında, o cümlədən müdafiə və daxili işlər nazirliklərində müavin vəzifələrinin verilməsi təklif olunur.
Sənəddə SDQ nümayəndələrinin Suriya parlamentində iştirakına icazə verilməsi, kürdlərin hüquqlarının prezident Əhməd Əş-Şəraanın son fərmanına uyğun şəkildə tanınması da əksini tapıb. Bildirilir ki, bütün bu bəndlərin icrası müəyyən edilmiş qrafik üzrə həyata keçirilməlidir.
21:35 18.01.2026
Oxunuş sayı: 1245