Seyfəddin Dağlı: Ədəbiyyatımızın təkrarsız səsi və satira ustadı yad edilir
Bu gün, 18 yanvar Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri olan Seyfəddin Dağlının (Seyfəddin Əliağa oğlu Abbasov) xatirəsini ehtiramla yad edirik. Yazıçı, satirik, şair, dramaturq və jurnalist kimi zəngin yaradıcılığı ilə oxucuların qəlbində əbədi iz buraxmış bu şəxsiyyət, 1921-ci il avqustun 27-də Xızıda dünyaya gəlib. Onun həyatı yalnız bir ailənin deyil, həm də bütöv bir cəmiyyətin yaddaşına dərin izlər buraxmışdır. Seyfəddin Dağlı həm yaradıcılığı, həm də şəxsiyyəti ilə Azərbaycan ədəbiyyatının satirik məktəbinin ən görkəmli nümayəndəsi kimi tanınır.
Uşaqlıq illəri və ailə mühiti
Seyfəddin Dağlının uşaqlıq illəri çətinliklərlə başlamışdı. Onun anası Qəmər xanım Seyfəddin yalnız on üç günlük ikən vəfat etmiş, bu isə onu ana nəvazişindən məhrum etmişdi. Atası dövlət qulluğunda çalışdığı üçün tez-tez müxtəlif rayonlara köçməli olurdu və Seyfəddin uzun müddət babası Bəhlul kişinin himayəsində böyümüşdü.
Bəhlul kişi savadsız olsa da, işgüzarlığı, əliaçığı və insanpərvərliyi ilə Xızıda hörmət qazanmışdı. O, nəvəsinə yaxşı təhsil vermək arzusunda idi və tezliklə ailəsi ilə birlikdə Bakıya köçdü. Bakıda Seyfəddin məktəbə gedərək biliklərini artırdı, sonralar isə Sənaye texnikumuna daxil oldu. Babasının qayğısı və mehribanlığı onun şəxsiyyətinin formalaşmasında mühüm rol oynamışdı.
Bu dövr Seyfəddin Dağlının yaradıcılığa olan marağının başlanğıcı idi. Məktəb illərində artıq şeir və satirik hekayələr yazmağa başlamış, oxucular arasında özünəməxsus üslubunu göstərmişdi.
İlk yaradıcılıq addımları
Seyfəddin Abbasov Sənaye texnikumunda oxuyarkən “Kommunist” qəzetində əməkdaşlıq etməyə başladı. Burada ədəbi işçi, şöbə müdiri və məsul katib vəzifələrində fəaliyyət göstərərək jurnalistikanın incəliklərini öyrəndi. Onun ilk kitabı olan “Dəniz kəşfiyyatçısı” isə on il sonra, 1948-ci ildə işıq üzü gördü və geniş oxucu kütləsinin rəğbətini qazandı.
İkinci Dünya Müharibəsi dövründə Seyfəddin Dağlının felyetonları və satirik hekayələri “Vətən uğrunda” jurnalında, “Ədəbiyyat” və Təbrizdə çıxan “Vətən yolunda” qəzetlərində dərc olunmuşdu. Bu əsərlər oxuculara həm gülüş gətirir, həm də cəmiyyətdəki nöqsanları ortaya qoyurdu.
Hərbi xidmət və jurnalistika
Böyük Vətən Müharibəsi başladıqda Seyfəddin Abbasov Sovet Ordusu sıralarına çağırıldı. O, ömrünün on beş ilini hərbi xidmətə həsr etdi və bu dövrdə “Ordu” qəzetinin ədəbi işçisi, “Diviziya” qəzetinin redaktoru kimi fəaliyyət göstərdi. 1944-1946-cı illərdə Sovet qoşunları tərkibində İranda xidmət keçmiş, bu isə onun həm jurnalist, həm də yazıçı kimi yetişməsinə böyük təsir göstərmişdi.
Hərbi xidmət illəri onun yazılarına realizm və həyati təcrübə qatmış, satirik üslubunu gücləndirmişdir. Müharibə illərinin çətinliyi, cəmiyyətin acıları və əsgər həyatının bütün detallarını ədəbiyyata gətirmək onun əsərlərində hiss olunur.
Akademik və peşəkar yüksəliş
Seyfəddin Dağlı 1952-1956-cı illərdə Lenin adına Moskva Hərbi-Siyasi Akademiyasının Redaktorluq fakültəsində təhsil almış və yüksək qiymətlərlə diplom qazanmışdı. Akademiya illərində Sovet İttifaqının müxtəlif regionlarından olan həmkarları ilə ünsiyyət quraraq həm ədəbi, həm də jurnalist bacarıqlarını inkişaf etdirmişdi. 1956-cı ildə Moskvada təhsilini başa vurduqdan sonra ordu sıralarından tərxis olunmuş və Bakıya qayıtmışdı. Burada o, jurnalist və ədəbi fəaliyyətini davam etdirmiş, 1956-1959-cu illərdə Dövlət Radio Komitəsinin baş redaktoru, Bakı Televiziya Studiyasının baş redaktoru və sədr müavini vəzifələrində çalışmışdı.
Onun rəhbərliyi altında yaradıcı kollektiv böyük səmərəliliklə fəaliyyət göstərmiş, televiziya tamaşaçılarına yeni-yeni proqramlar təqdim edilmişdir. Seyfəddin Dağlı həmçinin “Gəlməli, görməli, gülməli” adlı ilk miniatür teatrın yaradılmasında mühüm rol oynamış, tamaşaların müəllifi kimi Salam Qədirzadə ilə birlikdə 1960-1970-ci illərdə ən məşhur satirik yazıçılar sırasına yüksəlmişdi.
Yaradıcılığı və əsərləri
Seyfəddin Dağlı çoxşaxəli yaradıcılığı ilə seçilirdi. Onun əsərləri arasında: “Adı sənin,dadı mənim”,“Aydınlığa doğru”,“Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşır”, “Bahar oğlu” (Cəfər Cabbarlınınhəyatı haqqında roman), “Məşəl”, “Kəcil qapısı”, “Sabiqlər”.
Qeyd edək ki, bu əsərlərin hər biri oxucuda həm gülüş, həm də düşüncə yaratmaqla yadda qalmışdır. Seyfəddin Dağlı xüsusilə satirik və yumoristik janrda Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi kimi tanınırdı. Onun pyesləri Akademik Milli Dram Teatrı, Musiqili Komediya Teatrı və Gənc Tamaşaçılar Teatrında dəfələrlə səhnəyə qoyulmuşdur.
“Kirpi” jurnalına rəhbərlik
1959-1976-cı illərdə Seyfəddin Dağlı “Kirpi” satirik jurnalına rəhbərlik etmişdir. Jurnal zamanın tələblərinə uyğun olaraq 1952-ci ildə məşhur “Molla Nəsrəddin” ənənələrinin davamçısı kimi çıxmağa başlamışdı. Seyfəddin Dağlı jurnalın baş redaktoru kimi haqqı, ədaləti və cəmiyyətdəki nöqsanları göstərməyi əsas məqsəd saymış, rüşvətxor və əliəyrilərə qarşı qətiyyətli mövqeyini qorumuşdur.
Şəxsi həyatı və ailəsi
Seyfəddin Dağlı həm ailəsinə, həm də dostlarına bağlı, qayğıkeş bir insan idi. 1953-cü ildə böyük dramaturq Cəfər Cabbarlının qızı Gülarə xanımla ailə qurmuş, övladları Bəhlul, Altay və Qəmərə ilə xoşbəxt bir ailə həyatı yaşamışdır. O, övladlarına həm bilik, həm də dəyərlər aşılamış, onları hər zaman diqqət mərkəzində saxlamışdır.
Seyfəddin Dağlı 18 yanvar 1983-cü ildə dünyasını dəyişmişdir. Onun əsərləri yalnız oxucular üçün deyil, həm də Azərbaycan teatrlarının səhnələrində yaşamağa davam edir. “Kirpi” jurnalının onun dövründə çıxan nömrələri, pyesləri və romanları isə ədəbiyyatsevərlər üçün əvəzolunmaz bir irs olaraq qalır. Dostları, həmkarları və oxucuları onu mehriban, dürüst, qayğıkeş və nadir istedad sahibi kimi xatırlayır.
Fatimə Məmmədova
09:41 18.01.2026
Oxunuş sayı: 1479