Bu ölkə müsəlmanlara qarşı ayrı-seçkilikdə ittiham edilib
Pakistan Hindistanın Cammu və Kəşmir bölgəsində məscidlərə və müsəlman icmalarına qarşı həyata keçirdiyi ayrı-seçkilik xarakterli addımları qətiyyətlə pisləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı rəsmi bəyanatda deyilir. Nazirlik qeyd edib ki, dini məsələlərə müdaxilə vicdan və din azadlığı kimi fundamental hüquqların ciddi şəkildə pozulmasıdır və bu addımlar işğal altında olan ərazidə müsəlman əhalini qorxutmaq və marginallaşdırmaq məqsədi daşıyan növbəti təzyiq cəhdidir.
Bəyanatda vurğulanır ki, dini xadimlərdən şəxsi məlumatların, fotoşəkillərin və dini mənsubiyyətə dair məlumatların zorla toplanması sistemli təqib formasıdır və möminlərin qorxudulmasına, onların dini etiqadlarını sərbəst şəkildə yaşamaq hüquqlarının məhdudlaşdırılmasına yönəlib.
Pakistan XİN-in açıqlamasında bu addımların Hindistan hökumətinin hindutva ideologiyasından qaynaqlanan və islamofobiyanın institusionallaşdırılmasına xidmət edən daha geniş siyasətin tərkib hissəsi olduğu bildirilir. Məscidlərin və müsəlman ruhanilərinin selektiv şəkildə hədəfə alınması bu siyasətin açıq-aşkar diskriminasiya xarakteri daşıdığını göstərir.
Nazirlik xüsusilə qeyd edib ki, Cammu və Kəşmir sakinləri heç bir qorxu, təzyiq və ayrı-seçkilik olmadan öz dinlərini yaşamaq kimi ayrılmaz hüquqa malikdirlər.
“Pakistan onlarla həmrəyliyini davam etdirəcək və kəşmirlilərə qarşı dini təqib və dözümsüzlüyün bütün formalarına qarşı yorulmadan mübarizə aparacaq”, – deyə bəyanatda əlavə olunub.
Sevinc Yarməmmədova
17:21 17.01.2026
Oxunuş sayı: 1256