İran rejiminin sonu? Rza Pəhləvidən dünyaya tarixi müraciət
İran şahzadəsi Rza Pəhləvi beynəlxalq ictimaiyyətə müraciət edərək İran rejiminə qarşı görülməli altı əsas addımı açıqlayıb. O, dünya ölkələrini İran xalqını qorumağa, rejimin repressiv imkanlarını zəiflətməyə və ölkədə demokratik keçidə hazırlaşmağa çağırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Pəhləvinin çağırışında əsas məqamlar bunlardır:
• İran xalqının müdafiəsi: Rejimin repressiv potensialının zəiflədilməsi, xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyinin və onun komanda-idarəetmə infrastrukturunun hədəfə alınması.
• Maksimal iqtisadi təzyiq: Rejimə qarşı sərt iqtisadi sanksiyaların davam etdirilməsi, aktivlərin dünya üzrə dondurulması və “kölgə tanker donanmasının” hədəfə alınaraq sıradan çıxarılması.
• İnformasiya blokadasının yarılması: İran əhalisinin maneəsiz internetə çıxışının təmin edilməsi, Starlink və digər təhlükəsiz rabitə vasitələrinin ölkə üzrə geniş tətbiqi, həmçinin rejimin interneti söndürmək imkanlarını məhdudlaşdıran kiberəməliyyatların aparılması.
• Hesabatlılıq: İran rejiminin beynəlxalq məsuliyyətə cəlb olunması, diplomatlarının xarici paytaxtlardan çıxarılması və insanlığa qarşı cinayətlərdə məsul şəxslərə qarşı hüquqi addımların atılması.
• Siyasi məhbuslar: Bütün siyasi məhbusların dərhal azad olunmasının tələb edilməsi.
• Demokratik keçidə hazırlıq: İran üçün demokratik keçid dövrünə hazırlaşmaq və vaxtı çatdıqda legitim keçid hökumətinin tanınacağına dair öhdəlik götürmək.
Rza Pəhləvi vurğulayıb ki, bu addımların atılması İran xalqının azadlıq və demokratiya uğrunda mübarizəsinə real dəstək olacaq.
Sevinc Yarməmmədova
10:34 17.01.2026
Oxunuş sayı: 1523