Cənubi Amerika respublikasının prezidenti Xavyer Mileinin ofisi NASA-nın Artemis II Ay missiyası çərçivəsində Argentinaya məxsus mikropeykini kosmosa çıxarmağı planlaşdırır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, mikropeyk Yer səthindən təxminən 70 min kilometr uzaqlıqda yerləşdiriləcək. Bu məsafə Argentinaya aid peyklər üçün indiyədək qeydə alınmış ən uzaq orbit olacaq.
“Atenea” adlı mikropeyk kosmosun dərin orbitlərində radiasiya səviyyəsini ölçəcək, kosmik tətbiqlər üçün nəzərdə tutulan komponentlərin sınağını aparacaq, geostasionar ötürmə orbitləri üçün GPS məlumatlarını qəbul edəcək və uzun məsafəli rabitə kanallarının effektivliyini yoxlayacaq.
Layihə Argentinanın kosmik tədqiqatlar sahəsində texnoloji imkanlarının genişləndirilməsi və beynəlxalq kosmik proqramlarda iştirakının gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
Kübra Musayeva