İqtisadi savaş elan edildi: Venesuela qlobal hüquqlarını müdafiəyə qalxır
Venesuelanın səlahiyyətli prezidenti Delsi Rodriges ölkənin iqtisadi maraqlarının beynəlxalq səviyyədə qorunması və milli istehsalın inkişaf etdirilməsi ilə bağlı planları açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rodriges bildirib ki, Venesuelanın dünyada iqtisadi hüquqlarının müdafiəsi məqsədilə Milli Komitənin yaradılması nəzərdə tutulur. Onun sözlərinə görə, bu komitədə milli icra hakimiyyəti ilə yanaşı, neft, kənd-ərzaq, sənaye, ticarət, kommunal xidmətlər, bank sektoru və neft ixracı sahələrində fəaliyyət göstərən özəl sektor nümayəndələri təmsil olunacaq.
Rəsmi şəxs vurğulayıb ki, iqtisadiyyatın inkişafı üçün dövlət və özəl sektorun birgə fəaliyyəti əsas prioritetlərdən biridir. Bu çərçivədə “iqtisadiyyatın 14 mühərriki”nin inkişafının izlənilməsi, milli istehsala xüsusi diqqətin artırılması və strateji idxal əvəzləmə mexanizmlərinin tətbiqi planlaşdırılır.
Delsi Rodriges, həmçinin effektiv valyuta idarəçiliyinə ehtiyac olduğunu qeyd edib. O bildirib ki, Venesuela mövcud siyasi və iqtisadi şəraitə baxmayaraq, ABŞ ilə iqtisadi əlaqələrin qurulmasından çəkinmir.
Bu açıqlamalar Karakasın iqtisadiyyatın şaxələndirilməsi və xarici təzyiqlərə qarşı dayanıqlılığın artırılması istiqamətində atdığı addımların bir hissəsi kimi qiymətləndirilir.
Kübra Musayeva
10:05 17.01.2026
Oxunuş sayı: 1242