Tramp: Maçado Nobel Sülh Mükafatını mənə verdi
ABŞ prezidenti Donald Tramp Venesuelanın müxalif siyasətçisi Maria Korina Maçado ilə iki saatdan çox davam edən görüş keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial media platformasında paylaşım edib.
Tramp görüşü yüksək qiymətləndirərək Maçadonun ona Nobel Sülh Mükafatı təqdim etdiyini bildirib. ABŞ prezidenti paylaşımında bunları qeyd edib:
“Bu gün venesuelalı Mariya Korina Maçado ilə görüşmək böyük şərəf idi. O, çox şeyə dözmüş qeyri-adi qadındır. Mariya mənə gördüyüm işlərə görə Nobel Sülh Mükafatını təqdim etdi. Qarşılıqlı hörmətin gözəl jesti. Təşəkkür edirəm, Mariya”.
Qeyd edək ki, Donald Tramp bundan əvvəl Venesuela prezidenti Nikolas Maduro ilə bağlı sərt mövqeyi fonunda Maria Korina Maçadonun ölkə daxilində ciddi siyasi dayağa malik olmadığını bildirmişdi. Buna baxmayaraq, Maçadonun özü Trampın Venesuelaya qarşı atdığı addımlara görə Nobel Sülh Mükafatına layiq olduğunu açıq şəkildə bəyan edib.
Lakin Nobel Komitəsi bu iddialara münasibət bildirərək vurğulayıb ki, mükafatın verilməsi ilə bağlı qərar dəyişdirilə bilməz. Komitənin qaydalarına əsasən, Nobel Sülh Mükafatı elan edildikdən sonra onun ləğv edilməsi, bölünməsi və ya başqa şəxsə ötürülməsi mümkün deyil.
Ekspertlərin fikrincə, Tramp–Maçado görüşü və Nobel mükafatı ilə bağlı səslənən açıqlamalar həm Venesuela daxili siyasətində, həm də beynəlxalq arenada yeni müzakirələrə yol aça bilər. Bu bəyanatlar Trampın Latın Amerikası siyasətinə dair ritorikasının yenidən sərtləşdiyini də göstərir.
09:22 16.01.2026
Oxunuş sayı: 2155