Orban açıqlamalarında kollektiv Qərbdən çox, Macarıstanın maraqlarını ön plana çıxarır - Açıqlama
Ukrayna ətrafında davam edən müharibə fonunda Qərb dövlətlərinin mümkün addımları Avropa təhlükəsizliyi üçün yeni və ciddi risklər yarada bilər. Xüsusilə Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi ideyası, dondurulmuş Rusiya aktivlərinin müsadirəsi və müharibənin nəticələrinə görə maddi kompensasiyaların tələb olunması Avropa siyasi dairələrində ziddiyyətli yanaşmalar formalaşdırır. Bu təşəbbüslərin hüquqi və hərbi nəticələri ilə bağlı narahatlıqlar getdikcə daha açıq şəkildə səsləndirilir.
Məhz bu kontekstdə Macarıstanın Baş naziri Viktor Orban Qərbin bəzi təşəbbüslərini son dərəcə təhlükəli hesab edərək, onların Avropa ilə Rusiya arasında birbaşa hərbi toqquşmaya yol aça biləcəyini vurğulayır. Onun fikrincə, xarici hərbi kontingentin Ukrayna ərazisində yerləşdirilməsi istənilən halda qarşı tərəfin cavab reaksiyasına səbəb olacaq və bu, artıq sülhməramlı missiya deyil, müharibənin genişlənməsi kimi qiymətləndirilməlidir.
Eyni zamanda Orban müharibə davam etdiyi müddətdə maliyyə və iqtisadi təzyiq mexanizmlərinin, o cümlədən reparasiya tələblərinin irəli sürülməsinin risklərini önə çəkir. O hesab edir ki, bu cür addımlar faktiki olaraq münaqişədə tərəf olmaq anlamına gəlir və nəticədə Avropa dövlətlərinin birbaşa hərbi prosesə cəlb olunması qaçılmaz hala gələ bilər.
Macarıstanın hökumət başçısının bu mövqeyi Avropa İttifaqı daxilində mövcud olan fikir ayrılıqlarını və müharibənin gələcək mərhələləri ilə bağlı narahatlıqları aydın şəkildə əks etdirir.

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Viktor Orban adətən açıqlamalarında kollektiv Qərbdən çox, Macarıstanın maraqlarını ön plana çıxarır. Bu kontekstdə onun əsas diqqət mərkəzində enerji məsələləri durur. Macarıstan enerji ehtiyaclarını uzun illər Rusiyadan təmin edib, lakin Avropa Birliyi (AB) son vaxtlar Rusiya enerji resurslarının idxalına məhdudiyyətləri maksimum səviyyədə tətbiq edir. 2027-ci ilə qədər isə Rusiya enerji resurslarının Avropa bazarlarına daxil olması qadağan olunacaq.
Macarıstanın baş naziri Orban tez-tez AB, xüsusilə də Avropa Birliyinin bu qərarlarını tənqid edir və Rusiyanın tərəfdaşı kimi mövqe nümayiş etdirməyə çalışır. Son dövrlərdə isə Orbanın bu etirazları üçün müəyyən mühit də yaranıb. AB vətəndaşlarının Rusiyaya yaxınlaşması Orbanın mövqeyini gücləndirir; o, Avropa Birliyinin qərarlarına qarşı çıxmaqla həm Rusiyaya tərəfdarlığını nümayiş etdirir, həm də AB ölkələri ilə ortaq mövqedə olduğunu göstərməyə çalışır.
Lakin Orbanın açıqlamaları bir çox hallarda reallıqdan uzaqdır. Məsələn, AB ölkələrinin Ukraynada hərbi kontingent yerləşdirməsi Rusiyanı təhdid etmək məqsədli deyil, Ukraynanın təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub. Əgər Kremlin məqsədi AB ölkələrinə qarşı hərbi addım atmaq olsa, buna istənilən halda bəhanə tapılacaq; AB-nin hərbi kontingentləri bu məsələdə ciddi rol oynamayacaq".
Politoloq həmçinin bu baxımdan Orbanın Ukraynaya hərbi kontingent göndərməkdən AB ölkələrini çəkindirməyə çalışması həm məntiqsiz, həm də qlobal təhlükələr yarada biləcək yanaşma olduğunu bildirib: "Əgər Avropa ölkələri Ukrayna məsələsində güzəştə gedərsə, bu, yaxın gələcəkdə Avropa üçün ciddi təhlükə mənbəyinə çevrilə bilər. Rusiya həmişə təhlükə mənbəyi olub və Ukraynanın zəifləməsi və ya sıradan çıxarılması AB tərəfindən qəbul edilərsə, bu, Avropanı yaxın gələcəkdə böyük risk qarşısında qoyacaq".
Elmir Heydərli
14:40 22.12.2025
Oxunuş sayı: 1877