Ukrayna Qərbdən veriləcək silahlara ümid edir, ancaq... - Şərhçi
Rusiya–ABŞ münasibətlərində mövcud olan gərginlik fonunda Vaşinqtonun Moskvaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşdığına dair yayılan məlumatlar beynəlxalq gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. ABŞ-ın siyasi və hökumət dairələrində bu istiqamətdə müzakirələrin aparıldığına dair xəbərlərə münasibət bildirən Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov, belə təşəbbüslərin Rusiya tərəfi üçün gözlənilməz olmadığını qeyd edərək, istənilən yeni sanksiya addımının ikitərəfli münasibətlərə ciddi zərər vuracağını vurğulayıb. Onun sözlərinə görə, sanksiyalar dialoqun və münasibətlərin normallaşdırılması istiqamətində atıla biləcək addımları faktiki olaraq dalana dirəyir və qarşılıqlı etimadın formalaşmasına mane olur.
Məsələ ilə bağlı siyasi şərhçi Aqşin Kərimov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"ABŞ Rusiyanın iki böyük enerji şirkəti – LUKOIL və Rusneftlə bağlı ikinci dərəcəli sanksiyalar tətbiq edib. Bəs ikinci dərəcəli sanksiyalar nə deməkdir? Əvvəlcə bu anlayışın mahiyyətinə nəzər salaq.
İkinci dərəcəli sanksiyalar birbaşa subyektlərə deyil, onlarla əməkdaşlıq edən törəmə şirkətlərə və digər tərəfdaşlara şamil edilir. Məqsəd sanksiyaya məruz qalan Rusiyanın beynəlxalq iqtisadi əlaqələrini dolayı yolla məhdudlaşdırmaqdır.
Lakin hələ birbaşa sanksiyalar tətbiq olunmamış Rusiya enerji sektorunda gəlirlərin azaldığına dair məlumatlar mövcuddur. Bu vəziyyət Rusiyanın ABŞ-la münasibətlərinin tənzimlənməsində ciddi problemlər yaradır. Bununla belə, Rusiyanın ABŞ-a qarşı əvvəlki kimi sərt ittiham və aqressiv ritorikası hazırda o qədər də müşahidə edilmir.
Bunun əsas səbəbi Vladimir Putinin hələ də Donald Trampla danışıqlara, mümkün sövdələşmələrə və bu prosesin Rusiya üçün verə biləcəyi geosiyasi dividendlərə ümid bəsləməsidir. Məhz buna görə də hazırkı mərhələdə Rusiya–ABŞ münasibətlərində açıq qarşıdurmadan daha çox, əməkdaşlıq və sövdələşmə elementlərinin rəqabətə nisbətən üstünlük təşkil etdiyi görüntüsü yaranır. Halbuki nəzərə almaq lazımdır ki, hər iki dövlət dünyanın geosiyasi-strateji bölgüsündə mühüm yer tutur.
Bu baxımdan ehtimal etmək olar ki, tərəflər Ukrayna məsələsi üzərindən müəyyən razılaşmalara gəlməyə çalışsalar da, onların rəqabət meydanı daha da genişlənəcək. Bunun əsas səbəblərindən biri hər iki tərəfin qlobal hegemonluq uğrunda apardığı mübarizədən geri çəkilməməsidir. Rusiya isə öz müharibə məqsədlərindən imtina etmir. Son dövrlərdə Ukraynanın Rusiyanın sualtı gəmilərinə dron hücumları həyata keçirməsinə, eləcə də Xəzər dənizindəki enerji infrastrukturuna zərbələr endirməsinə baxmayaraq, Vladimir Putin müharibə məqsədlərindən geri çəkildiyini bəyan etmir, əksinə, təbliğat ritorikasını daha da sərtləşdirir".
Siyasi şərhçi, həmçinin hadisələrin gələcək inkişafının daha çox Ukraynanın xeyrinə nəticələrin əldə olunmasından, yəni Ukraynanın Rusiya qoşunlarına qarşı nə dərəcədə effektiv və genişmiqyaslı hərbi kampaniya apara bilməsindən asılı olduğunu qeyd edib:
"Lakin cəbhə xəttinin yarılması və əhəmiyyətli dəyişikliklərin baş verməsi hələlik proqnozlaşdırılması çətin olan bir məsələdir. Çünki Rusiyanın Ukrayna ərazisində qurduğu istehkamlar olduqca möhkəmdir və bu eşelonları yarmaq üçün Ukraynanın hazırda kifayət qədər şəxsi heyəti və ya lazımi güclü silah sistemləri mövcud deyil.
Ukrayna Qərbdən veriləcək silahlara ümid edir. Ancaq bu faktorun Rusiyanın Ukraynada apardığı müharibə kampaniyasında Moskvanın ambisiyalarından əl çəkməsinə səbəb olacağı da hələlik real görünmür".
Elmir Heydərli
17:30 19.12.2025
Oxunuş sayı: 911