Ukrayna təhlükəsizlik zəmanəti müqabilində ərazi güzəştlərinə razı olacaqmı? - RƏY
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya ultimatum verib və NATO-nun kollektiv müdafiə prinsipini təsbit edən Şimali Atlantika Müqaviləsi Təşkilatının 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri müqabilində ərazi güzəştləri tələb edib.
Qeyd olunub ki, Kiyev indi bu şərtlərlə razılaşmalıdır, əks halda Amerika tərəfinin növbəti təklifi o qədər də əlverişli olmayacaq. Məqalədə qeyd edildiyi kimi, ABŞ Ukraynaya NATO daxilində alacağı təhlükəsizlik zəmanətlərinə bənzər zəmanətlər təklif edir.
Bu təklif Tramp administrasiyasının Ukraynaya qarşı ən güclü və ən açıq təhlükəsizlik öhdəliyini təmsil edir. Lakin, bu, dolayı bir ultimatumla gəlir: onu indi qəbul edin, əks halda növbəti təklif daha az səxavətli olacaq.
Qeyd edək ki, 1949-cu ildə Vaşinqtonda imzalanmış Şimali Atlantika Müqaviləsi Təşkilatının 5-ci maddəsi NATO-nun kollektiv müdafiə prinsipini təsbit edir. Bu maddə bütün ittifaq üzvlərini NATO ölkəsinə edilən hər hansı bir hücuma cavab verməyə məcbur edir.
Bəs ABŞ-ın Ukraynaya təhlükəsizlik zəmanətləri müqabilində ərazi güzəşti tələb etməsi beynəlxalq hüquq və dövlət suverenliyi baxımından nə dərəcədə doğrudur və bu yanaşma gələcək münaqişələr üçün hansısa təhlükə yaradırmı? Məsələ ilə bağlı yaranan bu suala politoloq Natiq Miri Crossmedia.az-a açıqlamasında cavablandırıb:
"Əlbəttə, yaradır. Çünki beynəlxalq hüquq heç bir zaman Donald Tramp və onun administrasiyası tərəfindən tam şəkildə tanınmayıb. Donald Trampın birinci prezidentliyi dövründə də beynəlxalq hüquq dəfələrlə ayaqlar altına atılıb. Ən azı İsraillə bağlı faktlar bunu açıq şəkildə göstərir. Suriyanın ərazisi olan Golan (Yunanted) təpələrinin İsrailin ərazi bütövlüyünə aid edilməsi və ABŞ tərəfindən İsrail ərazisi kimi tanınması buna nümunədir. Eləcə də BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı qətnamələrinə baxmayaraq, Qüdsün İsrailin paytaxtı kimi tanınması məhz Donald Trampın dövründə baş verib. Bunlar beynəlxalq hüququ açıq şəkildə görməzdən gələn, ona qarşı üsyankar davranışlardır.
Bu gün eyni modeli Rusiya–Ukrayna müharibəsinin guya bitirilməsi prosesində də müşahidə edirik. Ona görə də bu cür hüquqsuzluğun, təcavüzkara haqq qazandırma siyasətinin nəticəsi hər hansı bir müharibəni bitirmək deyil, əksinə, növbəti qlobal müharibələrə şərait yaratmaqdır. Şərait yaratmaq isə haqq qazandırmaq və yol açmaq deməkdir. Bu baxımdan, müharibənin bitirilməsi adı altında atəşkəs görüntü olaraq qısamüddətli mümkün ola bilər. Lakin bu, beynəlxalq hüququ və beynəlxalq münasibətlər sistemini yerlə bir etməklə, həmin sistemi tamamilə darmadağın edir. Nəticədə güc faktoru əsas üstünlük meyarına çevrilir.
Bu məsələni sadəcə Donald Trampın sülhlə bağlı Nobel mükafatını almaq istəyi ilə məhdudlaşdırmaq olmaz. Buraya daha geniş mənzərədən baxmaq lazımdır. Çünki Rusiyanın iddiası təkcə Donbası öz ərazi bütövlüyünə daxil etmək deyil. Bu, açıq şəkildə imperiya siyasətidir. Qərbin bu cür təslimiyyət siyasəti fonunda isə nəticə etibarilə Rusiyanın digər regionlarda da iddiaları artacaq. İstər Cənubi Qafqazda, istər Türküstanda (Rusiyanın ifadəsi ilə Mərkəzi Asiyada), istər Şərqi Avropada, istərsə də Balkanlarda Rusiyanın iddiaları daha da qabardılacaq.
Bu səbəbdən Donbasın bu gün beynəlxalq hüququ görməzdən gələrək Rusiyaya verilməsi tələbi və bu istiqamətdə göstərilən təzyiqlər, əslində, qlobal miqyasda çox ciddi problemlərə yol açacaq. Məhz buna görə Ukraynanın bu gün göstərdiyi dirəniş və ona dəstək verən Avropa Birliyinin siyasəti ABŞ-a qarşı bir mövqe deyil. Bu, eyni zamanda Rusiyanın işğalçılıq və imperiya siyasətinə qarşı bir dirənişdir. Ona görə də hər kəs bu dirəniş siyasətində öz əlini daşın altına qoymalıdır ki, gələcəkdə daha böyük müharibələri öz qapılarında görməsinlər."
Gülbəniz Bayramova
16:03 16.12.2025
Oxunuş sayı: 1274