Tsivilev: Rusiya enerji sektoru üçün kritik texnologiyaların 70%-ni təmin edib
Rusiya yanacaq-energetika kompleksi üçün tələb olunan kritik texnologiyaların 70%-i artıq təmin olunub.
Crossmedia.az "İzvestiya"-ya istinadən xəbər verir ki, bunu energetika naziri Sergey Tsivilev EnergySpace Beynəlxalq Enerji Forumu çərçivəsində bildirib. Onun sözlərinə görə, qalan 30%-lik hissənin iki-üç ilə tamamlanması gözlənilir və bu texnologiyalar artıq kritik hesab olunmur.
Nazir vurğulayıb ki, Rusiya texnologiyaları beynəlxalq neft və qaz tenderlərində xarici analoqlarla rəqabət aparır və bir çox hallarda daha sərfəli həllər təklif edir. Tsivilev bildirib ki, sanksiya təzyiqlərinə baxmayaraq, Rusiya öz enerji layihələrini bir sıra ölkələrdə davam etdirir. O, layihələrin detalları açıqlanmasa da, rus texnologiyalarının xaricdə uğurla tətbiq edilməsinin “şübhəsiz fakt” olduğunu deyib.
Dekabrın 4-də prezident Vladimir Putin Rusiyanın dünyanın ən “yaşıl” enerji sistemlərindən birinə malik olduğunu bəyan edib. O, ölkənin enerji strukturuna hidroenergetika, nüvə və qaz enerjisinin daxil olduğunu bildirib. Həmin gün Putin həmçinin Rusiyanın dünyada kiçik atom elektrik stansiyaları tikə bilən yeganə ölkə olduğunu vurğulayıb və qeyd edib ki, ABŞ hələ də Rusiyadan nüvə yanacağı almaqda davam edir.
23:25 09.12.2025
Oxunuş sayı: 975