Özbəkistanda yoxsulluq ilin sonunadək 6%-ə, gələn il isə 4,5%-ə düşəcək
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə məşğulluq və yoxsulluğun azaldılması tədbirlərini müzakirə edərkən bildirib ki, ilin sonunadək yoxsulluğun səviyyəsinin 8,9%-dən 6%-ə, 2026-cı ilə qədər isə 4,5%-ə enəcəyi gözlənilir.
Crossmedia.az "Gazeta.uz"-a istinadən xəbər verir ki, dövlət başçısına məhəllələrin işsizlikdən və yoxsulluqdan azad ərazilərə çevrilməsi, infrastrukturun - xüsusilə elektrik enerjisi, internet və torpaq sahələrinə çıxış imkanlarının genişləndirilməsi üzrə görülən işlər barədə məlumat verilib. Prezident “yeddilik” məhəllə qurumlarının fəaliyyətinin qiymətləndirilməsi üçün yeni meyarların müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb və onların məsuliyyətinin artırılmalı olduğunu qeyd edib.
Mirziyoyev bildirib ki, məhəllələrdə məşğulluğun artırılması və gəlir mənbələrinin yaradılması istiqamətində tədbirlər daha məqsədyönlü olmalıdır. O, aztəminatlı ailələr üçün fərdi proqramların hazırlanmasını, peşə təlimlərinin genişləndirilməsini və kiçik–orta layihələrin icrası ilə yerli iqtisadi aktivliyin artırılmasını tapşırıb. Dövlət başçısı həmçinin 2025–2026-cı illər üçün məşğulluq planlarının səmərəli icrasının vacibliyini qeyd edib.
Türkan Kərimli
22:28 09.12.2025
Oxunuş sayı: 985