Avropa ölkələri Rusiyanın aktivlərinin müsadirə olunması üzrə razılaşmaya yaxındır
Avropa İttifaqı və Britaniya hökuməti mənbələrinə görə, Rusiya aktivlərinin müsadirə olunması ilə bağlı razılaşma bu həftə və ya gələn həftə elan ediləcək. Britaniya Baş naziri Keir Starmer, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merz və Ukrayna Prezidenti Volodimir Zelenski arasında 8 dekabrda Londonda keçirilən görüşdə məsələ müzakirə olunub və razılaşmanın çox yaxın olduğu bildirilib.
Crossmedia.az "The Times"-a istinadən xəbər verir ki, razılaşma çərçivəsində dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 100 milyard funt sterlinq (133 milyard dollar) ayrılması nəzərdə tutulur. Bu məbləğin təxminən 8 milyard funt sterlinqi (10,6 milyard dollar) Böyük Britaniya tərəfindən köçürüləcək. Vəsait Kiyevə hərbi yardım və ya ölkənin yenidən qurulması üçün istifadə olunacaq.
Moskva aktivlərin müsadirəsini oğurluq hesab edir və mümkün cavab tədbirləri barədə xəbərdarlıq edib. Kreml vurğulayıb ki, həm ölkələr, həm də fərdlər Rusiyanın xarici aktivlərinin müsadirəsinə görə məsuliyyət daşıyacaqlar.
Türkan Kərimli
19:33 09.12.2025
Oxunuş sayı: 1445