Toy səsləri, yas səssizliyi: sosial mərasimlərin həqiqəti - Professordan iradlar
Azərbaycanda uzun illərdir müzakirə olunan əsas mövzulardan biri toy və yas mərasimlərindəki ifrafçılıqdır. Xeyir və şər işlərində süfrə o qədər dolu olur ki, bir az mübaliğə ilə sanki bircə quş südü çatışmır. Hərçənd bir çox halda süfrə dolu qalır, məhsulların çoxu yeyilmir. Olan cibimizə olur. Bunun adi isə sadəcə israfçılıqdır... Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI) iqtisad elmləri doktoru, professor Rüfət Quliyev bu barədə Crossmedia.az-a danışıb.
O, son 10 ildə Azərbaycanda ən çox ictimai müzakirəyə çıxarılan və insanları narahat edən suallardan biri toy və yas mərasimlərinin təşkili, dəvət prinsipləri və prosedur məsələləri olduğunu qeyd etdi:"Mən bu barədə dəfələrlə həm çıxış eləmiş, həm də fikirlərimi bölüşmüşəm. Amma hələ də insanlar müraciət edib soruşurlar ki, professor, siz necə düşünürsünüz, bu proseslərin bu formada davam etməsi nə dərəcədə düzgündür? Mənim yanaşmam belədir: Allah hamıya toy-sevinc qismət eləsin. Amma, gəlin, hamımız bir dəfə ciddi şəkildə oturub fikirləşək. Bugünkü bahalıq şəraitində 500, 600, 700 nəfər insanı toya dəvət etmək nə qədər məqsədəuyğundur? Məncə, toyda ən əsas olan gənclərin xoşbəxtliyi, yaxın dostların, qohumların, ailələrin sevinməsidir. Əsas məntiq, əsas hədəf budur. Lakin toylar yavaş-yavaş bir növ "şou"ya çevrilib. Toy keçirmək üçün hökmən böyük zallar olmalıdır, hökmən 20–25 çeşiddə yemək verilməlidir, yüzlərlə insan dəvət edilməlidir. Bu qədər qonaqların 60–70%-i bir-birini tanımır. Bu isə böyük sualdır. Toyda kim iştirak etməlidir? Məncə, yalnız yaxın qohumlar, dostlar. 10 illərlə münasibəti, əlaqəsi olan insanlar. Bu zaman onlar bir-birini görəndə səmimi sevinirlər, xoş diləklər deyirlər. Əsas məqsəd budur. Amma nədənsə toy mərasimləri, yas mərasimləri məqsəd və məntiqindən uzaqlaşaraq sanki nümayişə çevrilib. Bəzən ailələr düşünür ki, çox adam dəvət edim, statuslu şəxslər gəlsin. Amma bunun nə mənası var? Kimə nəyi sübut etmək istəyirik? Toylardan qazanan yalnız restoranlardır, şadlıq saraylarıdır və bu faktdır. Bəzən də ailələr bəlkə düşünürlər ki, çox qonaq çağırıb pul yığsınlar. Əslində bundan heç bir real qazanc olmur. Mən həmişə orta təbəqə nöqteyi-nəzərindən yanaşmışam. Orta təbəqə ailə 150-200 min manat xərc çəkir, bəzən kredit götürür, borca girir. Bir gecəlik gözəllik naminə sonra aylarla borc ödəyir. Düşünməyə dəyərmi? Məncə, yox.Toyun formatını dəyişmək lazımdır. 150-200 nəfər kifayətdir. Bu, mənim şəxsi təcrübəmdir və mən buna əməl etmişəm".
Professor, həmçinin bir mühüm faktı - boşanma göstəricisinin 50 faizdən yuxarı olduğunu qeyd edib: "Bu, böyük rəqəmdir. Deməli, toyun möhtəşəm keçməsi ailənin xoşbəxtliyinə təminat vermir. Hədəf – forma yox, məzmundur. Yas məsələlərinə keçək. Yas mərasimlərini tam aradan qaldırmaq mümkün deyil. Həyat belədir. Amma yasın keçirilməsi formasında da rasional yanaşma olmalıdır. Yaxın keçmişdə dəfn günü, üçü, yeddisi, cümə axşamı, qırxı, ili və hər dəfə eysan – bunlar insanları həm maddi, həm də sosial cəhətdən yorur. Dində belə geniş prosedur yoxdur. Ərəb ölkələrində dəfn günü başsağlığı verilir. Türkiyədə də bu proses daha səmimi və sadədir. Bizdə də son vaxtlar insanlar bunu anlayır və artıq daha sadə formada keçirməyə çalışırlar. Uzaqdan gələnlərə eysan verilməlidir – bu təbiidir. Qalanlara çay, halva, qoğal – kifayətdir. Yasda oturmaq məsələsi- Şəxsən mən 40–45 dəqiqədən artıq qalmıram. Gəlib başsağlığı verirəm, otururam, fikir mübadiləsi olur, insanlara salam deyib çıxıram. Bəzən deyirlər ki, bu hürmətsizlikdir. Hesab edirəm ki, insan iştirak edib başsağlığı verdimi – bu kifayətdir. Hətta telefonla başsağlığı verilməsi də normaldır. Yəni, bu mərasimlərin, toyların və bu qəbildən olan tədbirlərin həddindən artıq təmtəraqla keçirilməsi, saysız-hesabsız insanın dəvət olunması, otuz-qırx növ çörək və yemək verilməsi nəticədə istehlak bazarında qida məhsullarına tələbi artırır. Burada xüsusilə vurğulamaq lazımdır ki, həmin təqdim olunan yeməklərin 40-45 faizi heç istehlak olunmur. Bu isə əlavə iqtisadi yük və israf deməkdir. Belə olan halda ortaya çıxan nəticə budur ki, tələbat artdıqca, təklif onu ödə bilmirsə, qiymətlər yüksəlir. Bu isə bazar iqtisadiyyatının təməl qanunudur. Digər tərəfdən, işbazlar və dələduzlar yaranmış vəziyyətdən sui-istifadə etməyə başlayırlar. Az əvvəl yayılan bir xəbərdə də gördük: mal ətinin əvəzinə mənşəyi məlum olmayan at ətini satışa çıxarmışdılar. Deməli, bu kimi faktlar da mövcuddur. Bundan başqa, insanlar da artıq müəyyən məsələləri dərk etməlidir. Məsələn, toyun normal gedişi üçün bir-iki müğənni kifayətdir. Bundan artıq – dörd, beş, altı müğənniyə pul xərcləməyin heç bir praktik mənası yoxdur. Bu, yalnız əlavə və əsassız xərclərə səbəb olur. Əsas məqsəd yaxın qohumların daha çox sevinməsi və şadlanmasıdır. Deməli, toy başa çatır, növbə gəlir həmin “hesabat” mərhələsinə. Şərti olaraq deyək ki, bir “X” adlı şəxs var. Adətən bu adam toylarda 300-500 manat yazırdı. Amma bu dəfə birdən-birə min manat yazdı. Toy sahibləri də sevinir, qürurla deyir ki: “Aaa, bu nə səfalı, nə xeyirxah adam imiş! Gözəl anlayır ki, xərc çoxdur. Biz 500 manat gözləyirdik, o isə min yazdı.”
Bir il keçir... Eyni adam bu dəfə öz övladının toyuna dəvət edir. Toy yiyələri də başlayırlar düşünməyə: “Eh, kaş bir il əvvəl onun toyunda 300-400 manat yazardıq. Nəyə lazım idi min manat?- Burada söhbət əvəzli münasibətlərdən gedir. Bu hissləri hamı yaşayır, bu, birmənalı həqiqətdir. Digər bir məqam: Mən özüm belə hallarla çox rastlaşmışam. Bir insanı beş-altı ildir tanıyıram. Çox deyil, üç-dörd dəfə məclisdə rast gəlmişik, bir neçə dəfə telefon danışığı olmuş. Birdən bir gün zəng edib elektron dəvətnamə göndərir: “Qardaşım oğlunun toyu var, bacım qızının toyu var...” Hətta öz övladının toyuna çağıranlar da olur. Axı biz dost deyilik, sadəcə tanışıq. Axı insanın 7-8 min tanışı ola bilər, indi durub hamısını toya çağırmaq olmaz ki! Toya uşaqlıq dostları, yaxın qohumlar, ailəvi münasibəti olan şəxslər dəvət olunmalıdır. Sadəcə tanış olduğun adamı dəvət etmək nə dərəcədə doğrudur?
Müsahibimizin fikrincə, insanlara izah etmək lazımdır ki, kimin toya dəvət olunması, kimin olunmaması məsələsində düşüncəli olmaq vacibdir: "Bu sahədə əsas məsələ – nümunə olmaqdır. Ziyalılar, tanınmış insanlar, cəmiyyətə örnək olan şəxslər qabaqda getməlidir. Çünki cəmiyyət onlara baxır, onlardan nümunə götürür. Bu mərasimlərin ifrata çatdırılması istehlak bazarına da təsir edir. Qida məhsullarında keyfiyətsizlik yaranır. Bəzən işbazlar bundan istifadə edib qanunu pozurlar. Ona görə bu məsələdə həm dövlət nəzarəti, həm də ictimai qınaq olmalıdır. Sonda deyim, ziyalı öndə olmalıdır. Ziyalı cəmiyyətə yol göstərməlidir, sağlam nümunə təqdim etməlidir. Beləcə, toy, yas, mərasim kimi sosial hadisələr öz məcrasına qayıda bilər".
12:40 08.12.2025
Oxunuş sayı: 3867