ABŞ, İran və Çin - yeni diplomatik üçbucaq
Qlobal geosiyasətdə güc balanslarının sürətlə dəyişdiyi bir dövrdə, ABŞ və İran arasında davam edən gərginlik yeni diplomatik formatların axtarışını aktuallaşdırır.
Bu kontekstdə dünyanın aparıcı güclərindən biri olan Çin yalnız iqtisadi deyil, həm də siyasi təsir imkanlarını genişləndirərək potensial vasitəçi kimi diqqət mərkəzinə çıxır.
Pekinin son illərdə regional münaqişələrdə oynadığı rol onun diplomatik ambisiyalarının artdığını açıq şəkildə nümayiş etdirir.
Xüsusilə, ABŞ ilə İran arasında etimad böhranının dərinləşdiyi bir şəraitdə, tərəflərin birbaşa dialoq imkanlarının məhdudlaşması üçüncü tərəfin əhəmiyyətini artırır. Çin isə həm Tehranla strateji tərəfdaşlığı, həm də Vaşinqtonla mürəkkəb, lakin sabit iqtisadi münasibətləri sayəsində bu boşluğu doldura biləcək nadir aktorlardan biri kimi qiymətləndirilir.
Bu baxımdan, Pekinin vasitəçilik potensialı təkcə siyasi deyil, həm də iqtisadi və təhlükəsizlik prizmasından xüsusi maraq doğurur.
Bununla belə, Çinin mümkün vasitəçi rolu bir sıra suallar və çətinliklərlə də müşayiət olunur. Onun qlobal imici, tərəflər arasında balans saxlamaq qabiliyyəti və regiondakı digər güclərin reaksiyası bu prosesin uğuruna birbaşa təsir edə bilər. Beləliklə, Pekinin bu mürəkkəb diplomatik oyunda hansı mövqe tutacağı və nə dərəcədə effektiv rol oynaya biləcəyi beynəlxalq münasibətlər sisteminin gələcək trayektoriyasını müəyyənləşdirə biləcək əsas məsələlərdən biri kimi ön plana çıxır.
Məsələ ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Vasitəçilik mümkündür və bunun üçün müəyyən əsas şərtlərin mövcudluğu zəruridir. ABŞ-ın Çindən əsas gözləntilərindən biri İranın geri çəkilməsi və ya müəyyən mənada güzəştə getməsidir.
Eyni zamanda, bu ölkələr arasında ən mühüm razılaşdırma sənədi kommunikasiyaların inkişafı və birgə əməkdaşlıq prinsipləri üzərində qurula bilər. ABŞ prezidenti də bu istiqamətdə fikirlər səsləndirmişdir.
İqtisadi qazancları dividendlər prizmasından qiymətləndirdikdə isə tərəflər arasında ortaq məxrəcə gəlmək və qarşılıqlı anlaşma əldə etmək mümkündür".
Elmir Heydərli
16:31 24.03.2026
Oxunuş sayı: 48