İncəsənət məktəblərində "rəqəmsal inqilab": Köhnə sistemdən yeni standartlara
Son illərdə Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar incəsənət təhsilini də əhatə edərək, bu istiqamətdə keyfiyyətcə yeni mərhələnin başlanmasına səbəb olub.
Xüsusilə, son iki il ərzində incəsənət məktəblərində tədris məzmununun yenilənməsi, proqram və planların müasirləşdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi diqqət çəkir.
Mədəniyyət naziri Adil Kərimlinin də vurğuladığı kimi, bu sahədə aparılan dəyişikliklər yalnız formal yenilənmə ilə məhdudlaşmır, eyni zamanda tədrisin keyfiyyətinin artırılmasına və beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir.
Yeni tədris proqramlarının hazırlanması, ixtisaslar üzrə dərsliklərin yaradılması və vahid metodoloji yanaşmanın formalaşdırılması incəsənət təhsilinin inkişafında mühüm rol oynayır.
Bu baxımdan, xüsusilə fortepiano ixtisası üzrə ilk dərsliyin hazırlanması təhsil sistemində innovativ addım kimi qiymətləndirilir. Bütün bu yeniliklər incəsənət məktəblərinin mövcud vəziyyətinin yaxşılaşdırılması və gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından aktual mövzu kimi ön plana çıxır.
Bu barədə Crossmedia.az-a danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, Mədəniyyət nazirinin qeyd etdiyi kimi, bu sahədə həyata keçirilən islahatlar uzun illərdir incəsənət təhsilində mövcud olan problemlərin aradan qaldırılması zərurətindən irəli gəlir.

Onun sözlərinə görə, incəsənət təhsili yalnız texniki bacarıqların öyrədilməsi ilə məhdudlaşmır, eyni zamanda yaradıcı sənayenin tələblərinə uyğun kadr hazırlığını da ehtiva edir:
“Bu yeniliklərin real nəticə verməsi üçün bir neçə mühüm mexanizmin tətbiqi vacibdir. İlk növbədə kurikulumlar müasirləşdirilməli, klassik yanaşmalar saxlanılmaqla rəqəmsal incəsənət, art-menecment və müasir texnologiyalar tədris proqramına daxil edilməlidir. Bu, həm də fənlərarası və multidisiplinar yanaşmanın tətbiqini zəruri edir”.
Ekspert qeyd edib ki, müəllim heyətinin sertifikasiyası və stimullaşdırılması da əsas istiqamətlərdən biridir:
“Təkcə proqramların yenilənməsi kifayət deyil, onları tədris edən müəllimlər də müasir yanaşmaları mənimsəməlidir. Diferensial əmək haqqı sistemi və ixtisasartırma imkanları bu baxımdan mühüm rol oynayır. Xarici təcrübənin öyrənilməsi, mütəxəssislərin dəvət olunması və master-klassların təşkili vacibdir”.
İ.Orucov əlavə edib ki, sertifikasiyadan sonra tətbiq olunan diferensial əmək haqqı modelində müəyyən uyğunsuzluqlar mövcuddur:
“Bal aralıqları üzrə artım mexanizmi daha ədalətli şəkildə qurulmalıdır. Bir bal fərqinə görə kəskin maaş fərqinin yaranması düzgün yanaşma deyil”.
Onun fikrincə, infrastrukturun müasirləşdirilməsi də əsas problemlərdən biridir:
“İncəsənət məktəblərinin maddi-texniki bazası, musiqi alətləri və emalatxanalar yenilənməlidir. Bu, tədrisin keyfiyyətinə birbaşa təsir göstərir və praktiki bacarıqların inkişafına imkan yaradır”.
Ekspert eyni zamanda, tədris keyfiyyətinə nəzarət mexanizmlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb:
“Mərkəzləşdirilmiş qiymətləndirmə sistemi, vahid imtahan mexanizmi və ya reytinq yanaşması tətbiq olunarsa, bu, ümumi keyfiyyətə müsbət təsir göstərə bilər. Lakin incəsənət sahəsinin spesifikliyi nəzərə alınmalı, qiymətləndirmə daha peşəkar əsaslarla aparılmalıdır”.
Mövcud islahatların təsirinə toxunan İ.Orucov bildirib ki, hazırda dəyişikliklər daha çox struktur xarakteri daşıyır:
“Son iki ildə atılan addımlar sistemdə müəyyən canlanma yaradıb. Lakin bu islahatların real nəticələri zamanla, xüsusilə yeni proqramlarla yetişən məzunların uğurları ilə daha aydın görünəcək”.
Sonda ekspert vurğulayıb ki, həyata keçirilən islahatlar eksperimental deyil, real nəticələrə hesablanıb:
“Artıq bu sahədə müəyyən mərhələ geridə qalıb və proses planlı şəkildə davam edir. Bu addımlar incəsənət təhsilində mövcud problemlərin aradan qaldırılmasına və sahənin inkişafına ciddi töhfə verə bilər”.
Mehriban Yariyeva
17:13 24.03.2026
Oxunuş sayı: 149