Evlənənlərin sayı azalır, ölənlərin sayı artır – demoqrafik paradoks
Son illər evlənənlərin sayı azalmağa başlayıb, ölənlərin sayı isə artmaqda davam edir. Həyatın ritmi dəyişir, xoşbəxt başlanğıclar azalır, sonluqlar isə getdikcə çoxalır.
İnsanlar sevgi və ailə qurmaqda tərəddüd edir, amma ölüm hər zaman qaçılmazdır. Statistikalar bizə yalnız rəqəmləri göstərmir, həm də cəmiyyətin ruh halını əks etdirir. Bu paradoks həyatın həm gözəlliyini, həm də acısını eyni anda xatırladır.
Mütəxəssislər mövzu ətrafında Crossmedia.az-a açıqlama verib.
Sosioloq, fəlsəfə doktoru Hüseyn İbrahimov qeyd edib ki, bütün dünyada ölüm statistikası artmaqdadır:
"Pandemiyadan sonrakı dövrdə bu artım daha geniş şəkildə özünü göstərir. Təəssüf ki, belə statistika xəstəliklərdən və digər hallardan ölkəmizdə də müşahidə olunur. Bütün bunlar təbii ki, əhalinin demoqrafik vəziyyətinə təsir göstərir.

Digər tərəfdən, evlənmələrin azalması da diqqət çəkir və evlənmə dinamikası xeyli aşağı düşmüşdür. Bu amillərə bir çox səbəblər təsir edir.
Bəzi hallarda boşanma hallarının baş verməsi, digər hallarda isə evlənənlərin yaş həddinin yüksək olması bu vəziyyətə təsir göstərir. Məsələn, 20-25 yaş arasında evlənənlərin statistikası azalıb. Ümumiyyətlə, bu statistika çox aşağıdır.
Daha çox oğlanlar yuxarı yaş həddində ailə qurur. Boşanma statistikaları da bu məsələyə mənfi təsir göstərir. Sosial səbəblərə baxsaq, demək olar ki, əvvəlki dövrlərdə insanların ailə qurmaq sürəti sosial vəziyyətə görə daha yüksək olurdu".
Sosioloqun sözlərinə görə, bu gün ailə qurmaq məsələsinə təsir edən bir çox amillər var. Ən mühüm amillərdən biri odur ki, gənclər ailə qurmaqda ehtiyatlıdırlar:
"Boşanmış insanların psixoloji təsiri və dinamikası da rol oynayır.
Digər tərəfdən, bu gün istər qız, istər oğlanlar ailə qurarkən sərbəst yaşamaq istəyirlər, yəni qaynata-qaynana yanında olmaq istəmirlər. Bu da evliliyə təsir edən mexanizmlərdə böyük dəyişikliklər yaradıb.
Bu dəyişikliklər fonunda gənclərin bəzən uzun illər tanış olduqları və hətta nişanlı qaldıqları müşahidə olunur. Bəzən uzun müddət nişanlı qalıb evliliyə qərar verə bilmirlər. Sonradan isə xasiyyətlərinin uyğun gəlməməsi nəticəsində uzaqlaşırlar. Cəmiyyətdə gənclər arasında tanışlıq və münasibətlərin liberallaşması da bu vəziyyətə təsir edir. Şəhər yerlərində bəzən birgə həyat tərzi yaşanır, amma evlənməyə üstünlük verilir. Və yaxud bir-biri ilə yaşamasalar da, müəyyən yerlərdə görüşür, münasibətlərini inkişaf etdirirlər. Ancaq bu münasibətləri ciddi evlilik səviyyəsinə çatdırmaqda gecikirlər, bu da digər amillərin təsirini artırır".
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli məsələnin iqtisadi tərəfini izah edib:

"Azərbaycanda evlənənlərin sayının azalması bir neçə sosial və iqtisadi amillə bağlıdır və yaşayış xərclərinin artması bu məsələdə əsas rol oynayır. Gənclər ailə qurmazdan əvvəl maddi sabitlik əldə etməyə çalışırlar. Mənzil qiymətlərinin yüksək olması, kirayə xərclərinin artması və gündəlik ehtiyacların bahalaşması evlilik qərarını gecikdirir.
Ailə qurmaq təkcə toy xərcləri ilə bitmir. Sonrakı dövrdə ev, kommunal ödənişlər, qida, nəqliyyat və uşaq böyütmək kimi xərclər də nəzərə alınır. Gənclər gəlirlərinin bu xərcləri qarşılamağa yetərli olub-olmadığını düşünür və çox vaxt risk etmək istəmirlər. Xüsusilə, sabit işi və kifayət qədər gəliri olmayanlar evliliyi təxirə salmağa üstünlük verirlər.
Bundan əlavə, sosial gözləntilər də təsir edir. Azərbaycanda toy mərasimlərinin böyük və bahalı olması bir çox cütlük üçün əlavə yük yaradır. Bəzi hallarda insanlar borca girərək evlənmək istəmir və daha uyğun maliyyə vəziyyəti gözləyir.
Nəticədə yaşayış xərclərinin artması evliliyi həm gecikdirir, həm də bəzi hallarda ümumiyyətlə təxirə salınmasına səbəb olur".
A.Nəsirli əlavə edib ki, gənclər daha çox şəxsi inkişaf, karyera və maliyyə təhlükəsizliyini prioritet seçdikləri üçün ailə qurmaq qərarı əvvəlki nəsillərlə müqayisədə daha gec verilir.
Fatimə Məmmədova
13:53 24.03.2026
Oxunuş sayı: 64