Azərbaycanda konflikt mövzularını işıqlandıran jurnalistlərin 75-80%-i “paraşüt jurnalist” hesab olunur- MÜSAHİBƏ
Son zamanlar həm dünyada, həm də Azərbaycanda konflikt jurnalistikasına maraq artıb. Dünyada baş verən böhranlar mediaya da təsir konflikrət jurnakistikasının önəmini artırır. Təsadüfi deyil ki, tədqiqatçılar bu sahəyə xüsusi maraq göstərirlər.
BDU- nun Jurnalistika fakültəsinin müəllimi Əlisafa Mehdi konflikt jurnalistikasının inkişafı barədə Crossmedia.az-ın suallarını cavablandırıb:

- Azərbaycan mediası konflikt mövzuları işıqlandırarkən ən çox hansı səhvlərə yol verir?
- Azərbaycanda konflikt mövzularını işıqlandıran jurnalistlərin təxminən 75-80%-i “paraşüt jurnalist” hesab olunur. Yəni hadisənin tarixi kökü, səbəbləri, qarşı tərəflə ünsiyyət və hadisəyə hərtərəfli yanaşma prinsiplərini bilmədən xəbər yazırlar. Redaksiyalar planlama zamanı istənilən jurnalisti göndərir, bu şəxslər hadisənin içinə "göydən düşür" və coğrafiya, kontekst haqqında məlumatları olmadan işləyirlər.
Bundan başqa, bəzi jurnalistlər “gonzo jurnalistikası” üsuluna üstünlük verərək ekspert rəylərinə məhəl qoymur, yalnız öz baxış bucaqları ilə hər şeyi təqdim edir və jurnalistikanın etik prinsiplərini pozurlar. Belə hallarda konflikt jurnalistikası ciddi tədris və peşəkar təlimlər tələb edir.
- II Dünya Müharibəsindən sonra Azərbaycanda konflikt jurnalistikanın inkişafında hansı tendensiyalar müşahidə olundu və bu gün ali məktəblərdə konflikt jurnalistika tədrisi hansı səviyyədədir?
-Konfliktlər və ekstremal situasiyalarda fəaliyyət göstərən jurnalistlərə “stringer jurnalist” deyilir. Stringer jurnalistikası 1930-cu illərdən başlayaraq üç mərhələdən keçib. II Dünya Müharibəsindən sonra jurnalistlərin təhlükəsizliyi və etik prinsipləri beynəlxalq təşkilatlar tərəfindən qorunmağa başlanıb.
Azərbaycanda Qarabağ müharibəsi dövründə konflikt jurnalistikasının prinsipləri ön plana çıxıb. 2003-cü ildən Əlisafa Mehdiyev ekstremal jurnalistika üzrə kitab yazıb və tədrisə başlayıb. 2015-ci ildən Konflikt Jurnalistikası Məktəbi yaradılıb, 2018-ci ildən isə Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitetində konflikt jurnalistikası kursları təşkil olunub. Bugünə qədər 140-a yaxın jurnalist bu sahədə diplom alıb və praktiki bacarıqlarını nümayiş etdirir.
- Dronda çəkilmiş görüntülər həm informativ, həm də təhlükəli ola bilər. Jurnalist bunları yaymazdan əvvəl nəyi nəzərə almalıdır?
- Jurnalist əvvəlcə dövlət qanunlarını bilməlidir, xüsusilə peşə sirri, şəxsi həyatın qorunması və ekstremal hallarda davranış qaydaları ilə bağlı qanunları. 2016-cı il 24 sentyabr sərəncamına əsasən silahlı qüvvələr və jurnalistlərin məsuliyyətləri müəyyən edilib. Dron jurnalistikası son dövrdə inkişaf edib və stringer jurnalistikasının funksiyalarının 50-60%-ni öz üzərinə götürür. Havadan izləmə “duman nəzəriyyəsi” ilə fərqlənir – yerdən ötürülən məlumatın bir hissəsi itə bilər, amma dron vasitəsilə daha dolğun məlumat əldə etmək mümkündür. Lakin jurnalist şəxsi həyatı pozan və etik olmayan görüntüləri yaymamalıdır. Məsələn, şəxsi həyatda birinin istirahət zamanı çəkilən görüntüləri yaymaq jurnalistin etik səhvidir, şəxsin deyil. Dron jurnalistikası cəmiyyətə yalnız vacib və etik məlumatları çatdırmaq üçün istifadə olunmalıdır; əks halda informasiyalar dezinformasiyaya çevrilə bilər.
Lalə Rəvəndi
21:38 02.12.2025
Oxunuş sayı: 597