Azərbaycan Prezidentinin köməkçisi “EU Today” saytına müsahibəsində önəmli məqamlara toxunub
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropanın “EU Today” saytının müxbirinə müsahibə verib. Müsahibədə Hikmət Hacıyev Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri dərinləşdirmək niyyətini, o cümlədən digər önəmli məsələlərlə bağlı fikirlərini açıqlayıb. “EU Today” saytındakı müsahibəni Crossmedia.az-ın oxucularına təqdim edirik.
Azərbaycan Prezidentinin köməkçisi ölkənin gündəliyini Cənubi Qafqazda “döyüşdən sülhə keçid” kimi xarakterizə edib. O, çıxışında Zəngəzur dəhlizinin əhəmiyyətini vurğulayıb və bunu həm Azərbaycanın postmünaqişə strategiyası, həm də Avropanın qarşılıqlı əlaqə təşəbbüsləri ilə əlaqələndirib. Hacıyev dəhlizi Çin, Mərkəzi Asiya və Avropanı birləşdirən Orta Dəhlizin bir hissəsi kimi təqdim edib və Azərbaycanın bu prosesdə əsas rol oynayacağını qeyd edib. Belə ki, dəhlizin Azərbaycan hissəsinin illik yük daşımaları 15 milyon tona çatacaq və işlərin 2026-cı ildə tamamlanması planlaşdırılır.
Hikmət Hacıyev bildirib ki, sülh yalnız müharibənin olmaması ilə ölçülmür, həm də “rəqabət və tərəfdaşlıq” prinsipləri ilə müşayiət olunmalıdır. O, Ermənistanın “dəhliz ölkəsi” statusuna keçə biləcəyini də qeyd edib. Azərbaycan - Rusiya münasibətlərinə toxunan Hacıyev 2023-cü ildə baş vermiş və Azərbaycanın təyyarəsinin vurulması ilə bağlı müəyyən narahatlıqlar olduğunu, məsələnin Düşənbədə müzakirə olunduğunu bildirib. Belə ki, Bakı Moskvadan rəsmi üzr, tam araşdırma, məsuliyyətə cəlb və kompensasiya tələb edib.
Ukrayna münaqişəsi ilə bağlı H.Hacıyev Azərbaycanın hərbi əməliyyatlarda iştirak etməyəcəyini təsdiqləyib. O, humanitar yardıma və enerji sahəsində əməkdaşlığa diqqət çəkib. 2022-ci ildən bəri Azərbaycan Ukraynaya 40 milyon dollardan çox yardım göstərib, uşaqlar üçün reabilitasiya proqramları həyata keçirib və simvolik qaz tədarükünü təmin edib.
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri H.Hacıyev Azərbaycanın Avropa ilə enerji əməkdaşlığına da toxunub. O, bildirib ki, 2024-cü ildə Cənub Qaz Dəhlizi vasitəsilə 11,7 milyard kubmetr qaz Avropaya ixrac olunub və 2027-ci ilə qədər bu həcmin 16 milyard kubmetrədək artırılması nəzərdə tutulub. Gələcək planlarda Azərbaycanın bərpa olunan enerji potensialı da diqqətə alınır: 2030-cu ilə qədər ölkə 6 gigavatt gücündə elektrik enerjisi istehsal etməyi planlaşdırır ki, bu da Avropaya ixrac üçün daha çox qazın sərbəst buraxılmasına imkan verəcək.
Hikmət Hacıyev Azərbaycanın rəqəmsal texnologiyalar və süni intellekt sahəsində Avropa ilə əməkdaşlıq üçün potensial regional mərkəz olduğunu bildirib və ölkəni “rəqəmsal İpək Yolunun” mərkəzi kimi təqdim edib.
İranla əlaqələrə toxunan Hacıyev diplomatik məsələlərin həll olunduğunu, Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin məsuliyyətə cəlb edildiyini və münasibətlərin “normal və sabit” olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan-İran iqtisadi əməkdaşlığı çərçivəsində yeni nəqliyyat körpüsü layihəsi 2025-ci ildə tamamlanacaq.
Hacıyev Avropanın regiondakı rolunu və Avropa Şurasının keçmiş prezidenti Şarl Mişelin vasitəçilik fəaliyyətini xatırladıb. O, Azərbaycanın enerji təhlükəsizliyi və qarşılıqlı əlaqələr sahəsində Avropa ilə əməkdaşlığı genişləndirməyə hazır olduğunu, Brüsseldə reaksiyanın “çox müsbət” olduğunu qeyd edib. “Əgər siz sülh uğrunda mübarizə aparırsınızsa, normal dəstək göstərilməlidir”, - deyə Azərbaycan Prezidentinin köməkçisi bildirib.
Türkan Kərimli
17:10 01.12.2025
Oxunuş sayı: 1430