Yaxın Şərqin "qanayan yarasına" Qətər "məlhəm olacaq"?
Yaxın Şərqdə hərbi ritorikanın və radikal ssenarilərin ön plana çıxdığı bir dönəmdə, Qətərin regional sabitlik üçün irəli sürdüyü dialoq təşəbbüsləri beynəlxalq gündəmin əsas müzakirə mövzusuna çevrilib. Rəsmi Doha İranın parçalanması kimi kəskin planların regiona yalnız xaos gətirəcəyini bəyan edərək, alternativ təhlükəsizlik mexanizmlərinin və iqtisadi inteqrasiyanın vacibliyini vurğulayır. Lakin bu konstruktiv yanaşmanın mövcud geosiyasi şərtlər daxilində tətbiqi bir sıra mürəkkəb maneələrlə üz-üzədir.
Region ölkələri arasındakı dərin ideoloji fərqlər, ABŞ-ın hərbi iştirakı və illərdir davam edən qarşılıqlı etimadsızlıq kollektiv təhlükəsizlik modelinə keçid prosesini çətinləşdirən əsas amillər kimi çıxış edir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında politoloq, diplomat Fikrət Sadıqov bildirib ki, Qətərin bu təşəbbüsü prinsip etibarilə müsbət qiymətləndirilməlidir:

"Bu təklif sabitliyin bərpasına və dinc birgəyaşayışa yönəlmiş konstruktiv yanaşmadır və uzunmüddətli sülh üçün baza rolunu oynaya bilər. Regiondakı real geosiyasi vəziyyətin daha mürəkkəbdir. Hazırkı reallıq tərəflərin fərqli düşərgələrdə yerləşdiyini göstərir. İranın Qərbə qarşı mövqeyi, Fars körfəzi ölkələrinin isə Qərblə, xüsusilə ABŞ ilə sıx əməkdaşlığı mövcuddur. Bu ölkələrin ərazilərində ABŞ hərbi bazalarının yerləşməsi də təhlükəsizlik balansına təsir edən əsas amillərdəndir".
F. Sadıqovun sözlərinə görə, mövcud şəraitdə tərəflər arasında tam yaxın əməkdaşlıqdan danışmaq çətindir, lakin müəyyən sahələrdə əlaqələrin saxlanılması mümkündür:
"Birbaşa strateji tərəfdaşlıq real görünməsə də, iqtisadi, ticarət və nəqliyyat sahələrində məhdud əməkdaşlıq formatları davam edə bilər. Bu minimal da olsa, regionda gərginliyin idarə olunmasına töhfə verə bilər. Qətərin irəli sürdüyü dialoq və əməkdaşlıq yanaşması ideya olaraq düzgün olsa da, mövcud geosiyasi reallıqlar onun tam şəkildə tətbiqini məhdudlaşdırır. Bu, müsbət və arzuolunan model olsa da, hazırkı şəraitdə onun geniş miqyasda reallaşması çətin görünür".
Nigar Yahyazadə
15:30 25.03.2026
Oxunuş sayı: 66