Hikmət Quliyev türk musiqisi üçün ümumi elmi konsepsiyanın vacibliyini vurğuladı
Türk dünyasının musiqi kodlarının müqayisəli tədqiqi və ortaq elmi diskursun formalaşdırılması vacib məsələlərdəndir. Gələcəkdə türk musiqisi üçün vahid elmi konsepsiya və Kalvalı Əli Dədənin irsinin rəqəmsal arxivinin yaradılması olduqca əhəmiyyətli istiqamətlərdir.
Crossmedia.az xəbər verir ki, bu fikirləri AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumunda çıxışı zamanı bildirib.
Alim çıxışında tədbirin əhəmiyyətini və Türk dünyasının musiqi irsindəki ortaq dəyərlərin elmi müstəvidə araşdırılmasının vacibliyini vurğulayıb. O, simpoziuma ev sahibliyi etməyin Folklor İnstitutu üçün qürur mənbəyi olduğunu bildirərək, Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan olan alimlərin ortaq mədəni yaddaş, musiqi kodları və ənənələrin müzakirəsi üçün bir araya gəldiklərini qeyd edib.
Hikmət Quliyev iki gün ərzində təxminən 80-ə yaxın məruzənin dinləniləcəyi simpoziumun müasir qloballaşma və rəqəmsallaşma şəraitində Türk dünyasının mədəni dəyərlərinin qorunması və milli kimliyin yaşadılması baxımından mühüm elm platforması olduğunu bildirib. O, Azərbaycan zurna-balaban sənəti timsalında ənənəvi musiqi, folklor və ifaçılıq sənətinin diqqət mərkəzinə çəkildiyini, bu sahədə yeni metodoloji yanaşmaların – musiqişünaslıq, sənətşünaslıq, folklorşünaslıq, ədəbiyyatşünaslıq və linqvistikanın türkoloji kontekstdə formalaşdırılmasının zəruriliyini vurğulayıb. Alim folklorun şifahi performansını müşayiət edən söz-musiqi-hərəkət triadasının kompleks şəkildə araşdırılmasının əhəmiyyətini də diqqətə çatdırıb.
O, musiqi kodlarının müxtəlif türk xalqlarında fərqli formalar alsa da, eyni mədəni yaddaş və ortaq köklərdən qidalandığını qeyd edib. Hikmət Quliyev Kalvalı Əli Dədə yaradıcılığının yalnız virtuoz ifaçılıq deyil, Azərbaycan nəfəsli musiqisinin kollektiv yaddaşdakı mifik arxetiplərindən biri olduğunu bildirib. Simpoziumun həmçinin ifaçıların rolunun, xalq musiqisinin yaranması və inkişafındakı şəxsi töhfələrin tədqiq olunması üçün geniş imkan yaratdığını vurğulayıb.
Məruzəçi çıxışında mədəni təhlükəsizliyin də önəmini xatırladaraq zurna, balaban, tar və kamança kimi alətlərlə bağlı saxtalaşdırma və mənimsəmə halları qarşısında elmi arqumentlərin hazırlanmasının milli məsuliyyət xarakteri daşıdığını diqqətə çatdırıb.
17:38 20.11.2025
Oxunuş sayı: 837