"QS Dayanıqlılıq 2026" reytinqində Cənubi Qafqazdan yalnız Azərbaycan təmsil olunur
Quacquarelli Symonds (QS) qlobal reytinq agentliyi tərəfindən "QS Dayanıqlılıq 2026" reytinqinin nəticələri açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Reytinqin cari buraxılışında Azərbaycan universitetlərinin sayı 8-ə yüksəlib. Bu il reytinqdə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti və Qərbi Kaspi Universiteti təmsil olunur.
Bir universitetimiz (Azərbaycan Dövlət İqtisad Universiteti) TOP-800-də, 1 universitetimiz (Bakı Dövlət Universiteti) TOP-1000-də, digər 6 universitetimiz isə 1001+ və 1501+ mövqelərdə yer alır.
Qeyd edilib ki, süsusilə "Ətraf mühitin mühafizəsi sahəsində dayanıqlı inkişaf" meyarı üzrə Azərbaycanın 3 universiteti dünyanın TOP 400 universiteti sırasında qərarlaşıb. Bu meyar üzrə Bakı Dövlət Universiteti dünyada 57-ci, Azərbaycan Dövlət İqtisad Universiteti 309-cu, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə 398-ci yerdə qərarlaşıb. Dayanıqlı inkişaf sahəsində dünyanın ən yaxşı universitetlərinin müəyyən edildiyi bu reytinqdə Azərbaycan Cənubi Qafqaz regionu üzrə təmsil olunan yeganə ölkədir.
Bildirilib ki, reytinqdə universitetlərin fəaliyyəti 3 əsas istiqamət üzrə - "Ətraf mühitə təsir" (45%), "İctimai təsir" (45%) və "İdarəetmə modeli" (10%) - qiymətləndirilir.
10:55 20.11.2025
Oxunuş sayı: 1291