Xəbərdarlıq: Ukraynanın taleyi onları da gözləyəcək
Avropa təhlükəsizliyi və xüsusilə Baltik regionunun müdafiəsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Rusiyanın regional və qlobal ambisiyaları, NATO-nun müdafiə strategiyaları və Ukrayna müharibəsi təcrübəsi Avropada hərbi və siyasi planlamanı yenidən gözdən keçirməyə sövq edir. Avropa İttifaqının müdafiə komissarı Andrius Kubilius bildirib ki, yaxın illərdə Rusiya Baltik ölkələrindən birinə hücum etməklə NATO-nun 5-ci maddəsini “sınaqdan keçirmək” potensialına malikdir. Bu, yalnız Baltik regionu üçün deyil, həm də NATO və bütün Avropa üçün ciddi təhdid yaradır. Bu baxımdan Aİ və NATO üzv ölkələrinin Ukraynanın Rusiya ilə mübarizəsindən çıxardığı dərsləri nəzərə alaraq müdafiə planlarını sürətləndirməsi vacibdir.
Siyasi şərhçi Cavanşir Abbaslı bu barədə Crossmedia.az-a bildirib ki, Vladimir Putin hakimiyyəti dövründə Rusiya liderinin tez-tez riskli addımlar atdıb: "Bu proses 2008-ci ildən başlayaraq Gürcüstana hücumla daha da dərinləşdi. Ardınca 2014-cü ildə Ukrayna münaqişəsi başladı, bir sıra ərazilər işğal olundu və 2022-ci ilin fevralında Rusiya genişmiqyaslı hücuma keçdi. Hamı düşünürdü ki, fevralın 22-də hücum olmayacaq, amma 24-də tanklar Ukrayna ərazilərində göründü. Görünən odur ki, Rusiya riskli addımları atmağa davam edir".

C.Abbaslı vurğulayıb ki, Aİ Müdafiə Komissarı Kubiliusun dediklərində həqiqət var: "Rusiya son zamanlar atdığı addımları kifayət qədər hesablanmış şəkildə həyata keçirir. Qarşısındakı kollektiv Qərbin boşluqlarından yararlanır və NATO üzərində zərbələr endirə bilər. NATO-nun ikinci gücü olan Türkiyə ilə münasibətlərin yaxınlaşması Rusiyaya əlavə arxayınlıq verir. Bu baxımdan beşinci maddənin sınaqdan keçirilə bilər".
Siyasi şərhçi əlavə edib ki, indiki mərhələdə belə bir hücum gözlənilmir: "Ukrayna savaşı bitmədən Rusiya başqa bir əraziyə müdaxilə etməyəcək. Ukrayna münaqişəsi bitdikdən sonra isə bu mümkündür. Çünki dərhal hücum etmək açıq meydan oxuma olardı. Putin bunun fərqindədir. Baltik regionunun təhlükəsizliyini təmin etmək üçün ilk növbədə həmin ölkələr öz təşəbbüslərini göstərməlidir. Onlar özlərini qorumazsa, Ukraynanın taleyi onları da gözləyəcək. Kollektiv Qərbin vədlərinə tam etibar etmək olmaz. Bu baxımdan Baltik ölkələri ilk növbədə birliyini nümayiş etdirməli, hərəkətə keçməlidir".
Mehriban Yariyeva
22:45 18.11.2025
Oxunuş sayı: 1043