Zəfərimizin 5-ci ildönümü Kayseridə qeyd olunub
Şanlı Zəfərimizin 5-ci ildönümü münasibətilə Türkiyənin Kayseri Universitetində tədbir keçirilib.
Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin, Şuşa Azərbaycan Evinin, Kayseri Universitetinin, Azərbaycan Mədəniyyət Mərkəzinin və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşkilatçılığı ilə baş tutub.
Crossmedia.az xəbər verir ki, əvvəlcə Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib, iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqində Şuşa Azərbaycan Evinin rəhbəri Elşən Qənbərov Şanlı Zəfərimizin əhəmiyyətindən danışıb. Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev çıxışında iki qardaş ölkə arasında bütün sahələrdə uğurla inkişaf edən əlaqələrə toxunaraq, Azərbaycan və Türkiyə xalqlarının həm çətin, həm də sevincli günlərdə bir-birinə dayaq olduğunu vurğulayıb.
Qeyd edək ki, Kayseridə Zəfər Günü tədbirləri çərçivəsində “Qarabağ Dastanı: 5 İllik Zəfər” adlı konsert proqramının keçirilməsi nəzərdə tutulsa da, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin qəzaya uğraması səbəbindən ləğv olunub.
23:00 18.11.2025
Oxunuş sayı: 1194