Ekspert alqışladı: Qarabağ universitetinin atdığı addımlar diqqət çəkir
Təhsil sistemində aparılan islahatların ən vacib istiqamətlərindən biri ali məktəblərin əmək bazarı ilə uyğunlaşdırılmasıdır. Son illər universitetlərdə yeni ixtisasların açılması həm qlobal tendensiyalarla ayaqlaşmaq, həm də ölkədə formalaşan yeni iqtisadi və texnoloji reallıqların tələblərinə cavab vermək məqsədi daşıyır. Xüsusilə Qarabağ Universitetinin yeni tədris istiqamətləri yaratması, regionun intellektual potensialını artırmaqla yanaşı, müasir bilik və bacarıqlara sahib kadrların hazırlanmasına xidmət edir. STEAM kimi multidissiplinar yanaşmaların tədrisə daxil edilməsi isə təhsil sisteminin yenilənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı təhsil eksperti İlqar Orucov Crossmedia.az-a açıqlama verib:

"Universitetlərdə yeni ixtisasların açılması çox müsbət addımdır. Bu, əmək bazarının tələblərindən və dünya reallıqlarından irəli gələn zəruri bir yanaşmadır. Hər zaman hesab etmişəm ki, ali təhsil müəssisələri öz fəaliyyətlərini əmək bazarının dinamikasına uyğunlaşdırmalı, həmin tələblərə cavab verən kadrlar yetişdirməlidir. Qarabağ Universiteti yeni yaradılmış bir təhsil müəssisəsi kimi bu istiqamətdə atdığı addımlarla diqqət çəkir. Orada yeni ixtisasın açılması xüsusilə əhəmiyyətlidir. Çünki STEAM bir neçə fənnin trans- və multidissiplinar inteqrasiyasını tələb edən müasir bir yanaşmadır. Bu ixtisas həm rəqəmsallaşma, həm incəsənət, həm də müxtəlif sahələrin kəsişməsində formalaşan bilik və bacarıqları özündə birləşdirir. Sevindirici haldır ki, bu istiqamətdə artıq orta məktəblərdə də tədris aparılır".
Ekspert qeyd edib ki, ötən il “Fənn münasibətləri və yeni biliklər istehsalı” adlı dərs vəsaiti çap olundu: "Həm orta, həm də ali məktəblər üçün nəzərdə tutulan bu vəsaitdə dünyada gedən yeni trendlər, müxtəlif ölkələrin təcrübələri və müasir qanunvericilik yanaşmaları geniş şəkildə əksini tapıb. Hesab edirəm ki, Qarabağ Universitetində bu ixtisasın yaradılması əmək bazarının tələblərinə cavab verən, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına xidmət edən çox düzgün və vaxtında atılmış addımdır".
Ayhan
20:12 18.11.2025
Oxunuş sayı: 1355