Azərbaycan nümayəndə heyəti Daşkənddə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
Özbəkistanda səfərdə olan Azərbaycan nümayəndə heyəti Daşkənd şəhərində yerləşən Heydər Əliyev meydanında Ümummilli Liderimizin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla anıb.
Crossmedia.az xəbər verir ki, sonra nümayəndə heyəti Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə gələrək burada Ulu Öndərin büstünün önünə də gül dəstələri düzüb.
Mərkəzin fəaliyyəti, həyata keçirilən mədəniyyət layihələri, eləcə də Azərbaycan tarixini, milli mədəni və ədəbi irsini əks etdirən guşələr barədə ətraflı məlumat verilib. Mərkəzdə fəaliyyət göstərən yaradıcı kollektivlərin işləri də təqdim olunub, “Qarabağ Zəfəri” rəqs qrupu, “Xarıbülbül” teatr qrupu, rəssamlıq və Azərbaycan dili kurslarından söhbət açılıb.
Mərkəzin fəaliyyəti ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verən mədəniyyət naziri Adil Kərimli bildirib ki, Azərbaycanın xaricdəki mədəniyyət mərkəzləri mədəniyyətimizin təbliği, ölkələrimiz arasında humanitar əlaqələrin möhkəmləndirilməsi və mədəni inteqrasiyanın genişlənməsi baxımından mühüm missiya daşıyır. Daşkənddəki Mədəniyyət Mərkəzi də Azərbaycan-Özbəkistan dostluğuna, qardaşlığına öz töhfəsini verir.



22:34 15.11.2025
Oxunuş sayı: 1725