Azərbaycan, Türkiyə və Pakistanın birliyi bölgədə güc balansını müəyyən edir - Deputat
Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlər artıq sadəcə dostluq və qardaşlıq ifadəsi ilə məhdudlaşmır. Bu əməkdaşlıq yeni mərhələyə qədəm qoyur və konkret strateji istiqamətlər üzrə dərinləşir. Üç ölkə arasında həm siyasi koordinasiya, həm təhlükəsizlik əməkdaşlığı, həm də iqtisadi inteqrasiya xətti üzrə addımlar ardıcıl şəkildə həyata keçirilir.
Azərbaycan–Türkiyə–Pakistan əməkdaşlığı haqqında Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, üçtərəfli əlaqələrin sürətlə inkişaf etməsi bölgəmizdə sülhün təmin olunmasında əsas faktor və mühüm amil kimi çıxış edir: “Hazırda qarşımızda duran ən vacib məsələ ölkəmizin təhlükəsizliyinin və dayanıqlı inkişafının təmin olunmasıdır. Bu münasibətlərə yalnız adi diplomatik əlaqələr kimi yox, bölgənin gələcək inkişafını və sabitliyini müəyyən edən strateji xətt kimi yanaşmaq lazımdır.
Dünyada son illər müşahidə olunan mürəkkəb və gərgin proseslər fonunda bu əməkdaşlıq hər üç dövlətin təhlükəsizliyi, mövcud risklərin qarşısının alınması və regional güc balansının qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Ona görə də Azərbaycan–Türkiyə–Pakistan münasibətləri bu gün həm vacib, həm də strateji mahiyyət daşıyan bir əməkdaşlıq modelidir”.
Ceyhun Məmmədovun sözlərinə görə, Türkiyə Prezidentinin və Pakistan Baş nazirinin Bakıda keçirilən hərbi paradda iştirakı da bu əlaqələrin nə qədər möhkəm, davamlı və sarsılmaz olduğunun bariz göstəricisidir: “Bu, sadəcə protokol jesti deyil, üç ölkənin siyasi iradəsinin, qarşılıqlı etimadının və ortaq gələcəyə yönəlmiş strateji baxışının real təsdiqidir.
Beləliklə, bu əməkdaşlıq təkcə bu gün üçün deyil, həm də gələcək təhlükəsizliyimizin, regional sabitliyin və davamlı inkişafın qarantı kimi qiymətləndirilməlidir”.
Türkanə Məşədiyeva
14:30 10.11.2025
Oxunuş sayı: 1653