Zəfər Günü Gürcüstanın Saqareco rayonunda geniş qeyd olunub
Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində Saqareco rayonunun Qaraçöp mahalında fəaliyyət göstərən “Parlaq gələcək” tədris mərkəzində 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, əvvəlcə mərkəzin şagirdləri Azərbaycanın Dövlət Himnini ifa ediblər.
Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Parlaq gələcək” tədris mərkəzinin rəhbəri Rafael Süleymanov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı möhtəşəm Zəfərdən danışıb. Bildirib ki, bu qələbə Azərbaycan tarixinin ən şanlı səhifəsi olaraq gələcək nəsillərin xatirəsində əbədi yaşayacaqdır. İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdi.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşayır. Azərbaycan xalqı doğma Qarabağımızın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq dastanı olan Vətən müharibəsində Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edir.
Sonda mərkəzin məzunları tərəfindən vətənpərvərlik mövzusunda şeirlər və mahnılar ifa olunub. Şagirdlər qəhrəmanlıq səhnələrini təqdim edib, milli geyimdə isə rəqslərimizi nümayiş etdiriblər.
21:14 08.11.2025
Oxunuş sayı: 1036