“44” filmi Zəfərimizə layiq olacaq - Professor
Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov bildirib ki, Vətən müharibəsindən bəhs edən "44" bədii filminin çəkilişləri başa çatıb.
A.Ələkbərov qarşıdakı post-prodakşn mərhələsində ciddi və məsuliyyətli işlərinin olduğunu qeyd edib.
"4 il ərzində böyük zəhmətlə üzərində çalışdığımız "44" bədii filminin çəkilişləri bu gün uğurla başa çatdı. Filmin ərsəyə gəlməsində əməyi olan fədakar komanda üzvlərimə, peşəkar aktyorlara və bu işə ürəkdən yanaşan hər kəsə dərin təşəkkürümü bildirirəm. Bu cür istedadlı heyətlə çalışmaq həm böyük zövq, həm də dəyərli bir təcrübə oldu".
BDU-nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli sözügedən təşəbbüslə bağlı Crossmedia.az-a açıqlamasında vurğulayıb ki, zəfərlə bağlı təsirli filmlərin çəkilməsi nə qədər çox olsa, bir o qədər yaxşıdır: "44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Zəfər, işğal altında olan torpaqlarımızın azad olunmasına həsr olunmuş filmlərin sayı nə qədər çox, onların təsiri nə qədər güclü olsa, bir o qədər yaxşıdır. Bu baxımdan Anar Ələkbərov kimi ciddi və məsuliyyətli bir şəxsin bu işə dəstək göstərməsi, proseslərin idarə olunmasında iştirak etməsi çox müsbət hadisədir".

Professor filmin Zəfərimizə, ordumuza və xalqımıza layiq olacağını düşünür: "Hesab edirəm ki, çəkilən film həm Zəfərimizin, həm ordumuzun, həm şəhidlərimizin ruhuna, həm də bütövlükdə Azərbaycan xalqının adına layiq bir film olacaq. İnşallah, filmi ekranlarda səbirsizliklə gözləyirik".
Pərvin
20:13 07.11.2025
Oxunuş sayı: 1520