“Birliyin melodiyası, Zəfərin harmoniyası”
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində Azərbaycan xalqının Zəfər Günü münasibətilə məşhur “Kings Place” mədəniyyət mərkəzində İngiltərədə yaşayan soydaşımız, Əməkdar artist, musiqiçi Elçin Şirinovun “Melody of Unity, Harmony of Victory“ (Birliyin melodiyası, Zəfərin harmoniyası) adlı konserti təşkil olunub.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunan konsertdə İngiltərədə yaşayan soydaşlarımız və yerli ictimaiyyətin təmsilçiləri, rəsmi şəxslər – Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova iştirak edib.
Tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi ehtiramla yad olunub, xalqımızın şanlı Zəfər tarixi haqqında geniş məlumat verilib.
Çıxış edənlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin unudulmaz ifadəsini – “Əziz Şuşa, sən azadsan!” ifadəsini bir daha yada salıb, ölkə başçısının qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad olunmasının tarixi əhəmiyyətini bir daha diqqət mərkəzinə gətiriblər.
Qeyd olunub ki, xaricdəki azərbaycanlılar informasiya müharibəsində fəal iştirak etməklə torpaqlarımızın işğaldan azad edilməsi kimi müqəddəs amal uğrunda mübarizəyə qoşulub, haqq səsimizi dünya ictimaiyyətinə vaxtında və tutarlı faktlarla çatdırıblar.
Elçin Şirinovun və onu müşayiət edən müxtəlif millətlərdən olan incəsənət ustalarının ifasında Azərbaycan musiqilərinin caz üslubunda improvizasiyaları səsləndirilib.
Soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri sənətçilərin yüksək peşəkar çıxışlarını sürəkli alqışlarla qarşılayıb, Azərbaycanın tarixi qələbəsinin dünyaya çatdırılmasında “səhnə diplomatiyası”nın əvəzolunmaz rolunu bir daha qeyd ediblər.
17:05 07.11.2025
Oxunuş sayı: 1691