Nyu Yorkda Zəfər Gününə həsr olunan şahmat turniri keçirilib
ABŞ-nin Nyu York ştatında 8 Noyabr – Zəfər Gününün 5 illiyi münasibətilə “Victory Trophy” adlı şahmat turniri keçirilib. Turnir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Birləşmiş Ştatlarda fəaliyyət göstərən beynəlxalq dərəcəli şahmat ustası Elvin Bağır-Pourun rəhbəri olduğu "Chess Father" şirkətinin təşkilatçılığı ilə baş tutub.
Bu barədə Crossmedia.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Açılış mərasimində Zəfər Günümüzün tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, uzaqgörən siyasəti və Azərbaycan Ordusunun rəşadəti sayəsində torpaqlarımızın işğaldan azad edildiyi dilə gətirilib. Vətən Müharibəsində göstərilən qəhrəmanlıq, xalq–ordu birliyi və milli həmrəyliyin Azərbaycan tarixində misilsiz bir Qələbə səhifəsi yazdığı diqqətə çatdırılıb.
Turnirə ABŞ-nin müxtəlif ştatları və şəhərlərindən 50 şahmatçı (5-60 yaş arası) qatılıb. Hər bir şahmatçı 15 dəqiqəlik 6 qarşılaşmada hakimlərin nəzarəti altında mübarizə aparıb. Yarışda dünyaca məşhur qrossmeysterlər Augustro Morah və Mark Paraqua da iştirak ediblər.
Turnirin qaliblərinə kubok və pul mükafatları, digər iştirakçılara isə sertifikatlar təqdim olunub.
16:15 07.11.2025
Oxunuş sayı: 1234