DTX-nin Akademiyasında elmi-praktik konfransı keçirilib
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının (Akademiya) Heydər Əliyev Muzeyində “Zəfər Günü” və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Azərbaycanda demokratik respublika modelinin təşəkkül tarixi: dövlət rəmzlərinin təsis edilməsindən dövlət suverenliyinin tam əldə edilməsinə aparan yol” adlı respublika elmi-praktik konfransı keçirilmişdir.
Crossmedia.az xəbər verir ki, tədbirdə Akademiyanın və digər xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəhbər şəxsləri və professor-müəllim heyətləri ilə yanaşı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Vətən müharibəsi iştirakçıları və təhlükəsizlik orqanlarının veteranları iştirak etmişlər.
Əvvəlcə qonaqlar Ümummilli Lider Heydər Əliyevin Akademiyanın ərazisində ucaldılan abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anmışlar.
Konfrans açıq elan olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.
Konfransda giriş nitqi ilə çıxış edən Akademiyanın rəisi general-mayor Elşad Nəsirov qonaqları salamlamış və bu il noyabr ayının 8-də xalqımızın qazandığı tarixi Zəfərdən beş il ötdüyünü diqqətə çatdırmışdır. Zəfər Gününün Azərbaycan xalqının dövlətçilik tarixinə milli kimliyimizin, azadlıq iradəmizin və müasir dövlətçiliyimizin simvolu kimi qızıl hərflərlə yazıldığını qeyd edən natiq bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin misilsiz səyləri ilə hüquqi, demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş müasir Azərbaycan Respublikası bu gün dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf səviyyəsinə yüksəlmiş, həm iqtisadi, həm də hərbi-siyasi baxımdan regionun lider dövlətinə çevrilmiş, öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməyə nail olmuşdur.
Ardınca konfransın mövzusuna dair videoçarx nümayiş etdirilmişdir.
Daha sonra çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının müasir inkişaf mərhələsinin, onun hüquqi və siyasi sisteminin formalaşmasının Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu qeyd etmişdir. Ə.Hüseynli bildirmişdir ki, XX əsrin sonlarında müstəqilliyini bərpa etmiş Azərbaycan üçün dövlət quruculuğu, hüquqi sistemin təşkili və konstitusion əsasların yaradılması həyati zərurətə çevrilmişdi. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası Heydər Əliyev ideyalarının hüquqi təcəssümüdür.
Milli Məclisin Komitə sədri qeyd etmişdir ki, Heydər Əliyevin əsasını qoyduğu güclü dövlət və ordu quruculuğu siyasəti öz bəhrəsini verdi. Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirərək Azərbaycanı qalib, güclü və tam suveren dövlətə çevirdi.
Konfransda çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi gömrük xidməti general-mayoru Qulu Novruzov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının milli yaddaşında dövlətin qurucusu, sabitliyin və müstəqilliyin təminatçısı kimi həkk olunduğunu qeyd edərək, ötən əsrin 90-cı illərinin əvvəllərində mövcud olmuş mürəkkəb tarixi şəraitdə Ulu Öndərin siyasi iradəsinin, xalqın taleyinə məsuliyyətli yanaşmasının Azərbaycanı dağılmaq təhlükəsindən xilas etdiyini vurğulamışdır. Q.Novruzov bildirmişdir ki, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olaraq Azərbaycan dövlətçiliyinin yeni mərhələsini - Zəfər və Suverenlik dövrünü yaratdı.
“Qarabağ” və “Azərbaycan bayrağı” ordenli Vətən müharibəsi iştirakçısı polkovnik Nəsimi Şadmanov konfransda çıxış edərək Ulu Öndər Heydər Əliyevin dövlətçiliyin əsas sütunlarını yaratmaqla yanaşı, müasir Azərbaycan Ordusunun təməlini formalaşdırdığını qeyd etmişdir. N.Şadmanov bildirmişdir ki, ölkə başçımızın qətiyyəti, xalqla ordunun birliyi nəticəsində Vətən müharibəsində şanlı Zəfər əldə edildi. 44 gün davam edən Vətən müharibəsində və lokal antiterror əməliyyatlarında şəhidlərimiz canlarını fəda edərək, xalqımızın azadlıq salnaməsini yazdılar.
Vətən müharibəsi iştirakçısı polkovnik Nəsimi Şadmanov həmçinin onu da qeyd etmişdir ki, Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində bu gün müstəqil Azərbaycanın hərbi-siyasi qüdrəti durmadan artır, ordumuz davamlı olaraq ən müasir silahlarla təchiz olunur, hərbçilərin sosial vəziyyəti gündən-günə daha da yaxşılaşdırılır.
Konfransın sonunda xatirə fotoşəkli çəkdirilmişdir.
16:11 07.11.2025
Oxunuş sayı: 1398