Dilçilik İnstitutunun direktoru: Azərbaycan dilinin milli korpusu yaradılır
Azərbaycan dilini emal etməyə imkan verən milli dil korpusunun yaradılması prosesinə başlanılıb.
Crossmedia.az xəbər verir ki, bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli "Azərbaycan Prezidenti İlham Əliyevin Akademiyanın 80 illik yubiley tədbirindəki nitqində Azərbaycan dili ilə əlaqədar qarşıya qoyduğu tələblər və AMEA-nın vəzifələri" mövzusunda keçirilən yığıncaqda deyib.
Onun sözlərinə görə, müasir dilçilik və texnoloji sistemlər üçün etibarlı mənbə rolunu oynayacaq bu korpus dil resurslarının sistemləşdirilməsi, avtomatik emalı və statistik təhlili üçün zəruri baza yaradır:
"Dilçilik İnstitutunun "Süni intellekt və kompüter dilçiliyi" şöbəsi müxtəlif mənbələrdən toplanan dil materiallarını emal edərək sistemləşdirib. Nəticədə Azərbaycan dilinin 220 min sözdən ibarət söz bazası formalaşdırılıb. Eyni zamanda, sözlərin işlənmə tezliyini müəyyən edən tezlik lüğətləri hazırlanıb. Gələcəkdə bu lüğətlərin nəticələri əsasında sözlərin Orfoqrafiya lüğətinə daxil edilməsi nəzərdə tutulur".
N.Məmmədli həmçinin Azərbaycan dilinə daxil olan alınma sözlərin ayrıca lüğətinin hazırlanmasının da gündəmdə olduğunu söyləyib:
"Azərbaycan dili nə ölkə daxilində, nə də xaricdə sadəcə məişət səviyyəsində ünsiyyət vasitəsi kimi qəbul edilməməlidir. Dil xalqımızın mədəni yaddaşını, elmi və intellektual potensialını ifadə edən canlı bir sistemdir".
10:39 07.11.2025
Oxunuş sayı: 1698