Ev telefonları tarixə qovuşur – mobil rabitə dövrü tamamlanır
 
                                            Bu məsələ ölkəmizin telekommunikasiya sektorundakı təbii texnoloji transformasiyanın bir nəticəsi kimi qiymətləndirilə bilər.
Bu sözləri Crossmedia.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov ölkəmizdə sabit rabitədən imtinanın səbəblərini şərh edərkən deyib.
Onun sözlərinə görə, ev telefonlarından imtinanın əsas səbəbi yalnız mobil rabitənin genişlənməsi deyil, həm də insanların ünsiyyət vərdişlərinin dəyişməsidir:
“Mobil rabitə şəbəkələrinin ölkə üzrə 99%-ə yaxın ərazini əhatə etməsi, eyni zamanda mobil operatorların təqdim etdiyi internet paketləri və ‘sınırsız zəng’ imkanları sabit telefonların funksionallığını kölgədə qoyub. Bununla yanaşı, Votsap, Teleqram, Zoom, Microsoft Teams kimi OTT (Over-the-top) platformaların yayılması istifadəçi davranışını tamamilə dəyişdirib.
Müasir istifadəçi mobil telefon vasitəsilə təkcə danışmaq deyil, həm də onlayn əməliyyatlar, ödənişlər, iş və təhsil əlaqələrini idarə edir. Belə şəraitdə sabit telefon artıq yalnız səsli rabitə funksiyası ilə rəqabət apara bilmir”.
Bununla belə, Elvin Abbasov sabit telefonların hələ də müəyyən üstünlüklərə malik olduğunu qeyd edib:
“Sabit xətlər elektrik enerjisinin kəsildiyi hallarda da(xüsusilə mis xətt əsaslı köhnə sistemlərdə) işlək qala bilir, həmçinin səs ötürülməsi zamanı siqnal itkisi mobil və ya internet üzərindən olan zənglərə nisbətən daha az olur. Buna görə bəzi dövlət qurumları və strateji müəssisələr hələ də sabit rabitədən ehtiyat xətt kimi istifadə edir. Üstəlik, sabit xətt üzərindən edilən zənglər lokal infrastrukturda qaldığı üçün kiber müdaxiləyə daha az açıq olur”.
Ekspertin sözlərinə görə, gələcəkdə ev telefonlarının tamamilə yox olacağı gözlənilmir, lakin onların istifadəsi əsasən simvolik və texniki ehtiyat funksiyasına çevriləcək:
“Sabit rabitə xidməti gələcəkdə mis xətlər üzərindən deyil, IP texnologiyalar (VoIP) vasitəsilə təqdim ediləcək. Yəni ‘ev telefonu’ anlayışı tam yox olmasa da, texnoloji əsasını dəyişəcək.Azərbaycanda sabit telefonlardan imtina prosesi texnoloji təkamülün göstəricisidir.Bu, geriləmə deyil, əksinə, yeni nəsil rabitə sistemlərinə keçidin və rəqəmsal həyat tərzinin formalaşmasının bir mərhələsidir”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, son illərdə ölkədə 240 minə yaxın insan ev telefonlarından imtina edib.
Nihat Tahirov
15:37 31.10.2025
Oxunuş sayı: 1613
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        