18-20 yaşlı gənclər səngərin bu tərəfindən uşaq girdilər, o tərəfindən döyüşçü çıxdılar - MÜSAHİBƏ
Bu il Azərbaycan tarixi üçün taleyüklü hadisələrdən biri olan 44 günlük Vətən müharibəsinin Zəfəri ilə bağlı beş illik yubiley qeyd olunur. 27 sentyabr 2020-ci ildə başlayan həmin mübarizə təkcə işğal altında olan torpaqlarımızın azad olunması ilə nəticələnmədi, eyni zamanda xalqımızın sarsılmaz iradəsini, milli həmrəyliyini və dövlətimizin gücünü nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və strateji uzaqgörənliyi sayəsində Azərbaycan Ordusu yüz illərə sığacaq qəhrəmanlıq salnaməsi yazdı və dövlətimizin haqlı mövqeyi dünya miqyasında təsdiq edildi.
44 gün davam edən hərbi əməliyyatlar zamanı xalq və ordu bir amal uğrunda birləşdi, “dəmir yumruq” ifadəsi milli iradənin rəmzinə çevrildi. Cəbhədə döyüşən əsgər qədər arxada dayanan xalqın duanı, dəstəyi və güvəni də bu Qələbənin əsas sütunlarından oldu. 8 noyabrda Şuşanın azad edilməsi ilə Azərbaycan tarixi bir dönüş nöqtəsinə qədəm qoydu – ərazi bütövlüyümüz bərpa edildi, milli ləyaqətimiz öz tarixi zirvəsinə yüksəldi.
Bu gün biz həmin qələbəni yalnız hərbi uğur kimi deyil, həm də milli dirçəlişin, tarixi ədalətin bərpasının və güclü dövlətçilik iradəsinin təntənəsi kimi xatırlayırıq.
Bu münasibətlə Crossmedia.az Analitik İnformasiya Portalı olaraq “Zəfər – 5” adlı rubrikamızda möhtəşəm qələbəmizi və onun qəhrəmanlarını sizə təqdim edirik. Rubrikamızın növbəti müsahibi Vətən müharibəsi iştirakçısı, “Şuşanın azad edilməsi uğrunda”, “Qubadlının azad edilməsi uğrunda”, “Füzulinin azad edilməsi uğrunda” medalları ilə təltif edilmiş baş leytenant Pərviz Aslanovdur.

- Oxucularımıza özünüz haqqında məlumat verə bilərsinizmi?
- Mən 44 günlük müharibə başlayanda jurnalist fəaliyyətim davam edirdi. Ehtiyatda olan zabit kimi qeydiyyata düşmüşdüm və Ali Baş Komandanın çağırışına uyğun olaraq orduya könüllü qoşulmaq üçün yerli səfərbərlik idarəsinə müraciət etmişdim. Müraciət edənlərin çox olması dövlət üçün əhəmiyyətlidir. Dövlət bilirdi ki, xalq bir yumruq kimi birləşib. 27 sentyabr səhər saatlarında müharibənin başladığı xəbəri verildi. Həm jurnalist kimi məlumat toplamalı idim, həm də rəsmi xəbərləri efirə verirdim. Lakin həmin gün məlumatlar məhdudlaşdırılmışdı, internet və əlaqə çətinləşmişdi, heç kim dəqiq nə baş verdiyini bilmirdi. Biz yalnız televiziyada rəsmi xəbərləri izləyirdik. 28 sentyabrda səfərbərlik idarəsindən zəng gəldi — sabah saat 10:00-da idarədə olmaq tapşırıldı. Dərhal hazırlaşdım və idarəyə getdim. Əvvəlcə dedilər ki, Ballıbəy istiqamətinə göndəriləcəyəm. Sonradan istiqamət dəyişdirildi və məni Beyləqanda N saylı hərbi hissəyə yönəltdilər. Gecə yola düşdük. Orada komplektləşmə aparıldı, çox sayda şəxsi heyət var idi.
- Hansı istiqamətdə əməliyyatlara cəlb edildiniz?
- Biz Füzuli istiqamətində Alxanlı, Qaraxanbəy ətrafına gətirildik. Silahlandıq və dərhal səngərlərə göndərildik. Qarşımızda düşmən mövqeləri vardı. Arxa tərəfdən tank atəşi, ön tərəfdən minaatan və top atəşi gəlirdi; mərmilər yağış kimi yağırdı. Vəziyyət gərgin idi, amma hamı döyüş ruhunda idi. Gecə bizi saxladılar, yerləşdirdilər. Orada çox adam var idi və gərginlik idi. Mənim oraları, əraziləri tanımağım bizə kömək etdi. Komplektləşmə zamanı hər kəs yerləşdirildi. Təxminən oktyabrın 3-ü idi. İlk dəfə top və digər mərmilərin üstümüzə gəldiyini aydın şəkildə gördüm və yaşadım. Əvvəlcə səsindən nə olduğunu tam anlamadım. Sonradan bildim ki, bu, kasset tipli mərmilərdir — səsi quş qanadı kimi vıyıltı ilə gəlirdi. Mərmi bizim yaxınlığa düşdü, xoşbəxtlikdən xəsarət alanımız olmadı. Hava hücumu da oldu. Cəbrayıl istiqamətindən havaya qalxan döyüş təyyarəsi bizim mövqeləri bombaladı. Əvvəl elə bildik ki, bizim aviasiyadır, çünki hava üstünlüyü bizdə idi. Sonradan gördük ki, düşmən təyyarəsidir. Bizim mövqelərə bombalar atıldı; torpaq tirəsi bizim üçün qoruyucu oldu və ağır xəsarətlərdən qurtulduq. Hətta bir neçə bomba düz yanımıza düşdü, lakin bəxtimiz gətirdi ki, patlamadı.
Orada həmçinin kasset tipli sursatlar da atıldı. Səsi və təsiri çox dəhşətli idi. Müxtəlif partlayışlar, minalar və top mərmiləri insanları psixoloji olaraq gərginləşdirirdi. İlk mərhələdə ncə anlaşıldı ki, bu, adi döyüş deyil — çox ciddi vəziyyətdir. Döyüşlər zamanı həm şəhidlərimiz, həm yaralılarımız oldu. Bizim yerimizə gətirilən bölmələr əvvəlki döyüşlərdə itki vermiş şəxslərin əvəzinə yerləşdirildi. Yaralanmalar və itkilər hiss olunurdu. Amma hər kəs bir-birinə kömək etməyə çalışırdı. Getdiyim ilk günlər mənim üçün hava hücumlarını tanımaqda çətinlik olurdu. Bir dəfə təyyarənin atdığı bombalar bizim səngərin önünə düşdü və partlamadı; həmin vaxt da bəxt gətirdi. Ondan sonra təyyarəni görmədik. Çünki erməni pilot səhv etdi. İki dəfə eyni mövqedən döyüşə daxil oldu. Bir daha da düşmən təyyarəsini görmədik. O məhv edildi. Sonra bizim məşhur taktikamızın şahidi olduq. Aşağıdan uçan təyyarəmizi sol cinahımızda, düşmən mövqelərinə yaxınlaşan gördüm. Hətta bir anlıq düşündüm ki, onu düşmən hava hücumuna qarşı müdafiəçilər vuracaq; qarşımızda Meşəlik adlı ərazi var idi. Oradan təyyərəyə atəş açdılar. Çünki təyyərə düşmən mövqeyində uçurdu. Özü də aşağı hündürlükdə uçurdu. Düşmən bu tələyə düşdü və onu vurdu. Düşmənin raket atılan mövqelərini müəyyənləşdirərək məhv etdik. Allah rəhmət eləsin, orada şəhidlərimiz oldu. Biz düzənliklərin xarabalıqlarında gizlənə bilmirdik. Çünki tanklar düzənliyi də vururdu. Bəzən yoldaşlarımız uçan divarın altında qalaraq xəsarət alırdılar. Girə biləcəyimiz mövqelər qazılmış mövqelər idi. Düşmən artıq buranın koordinatlarını bilirdi. Ona görə hərəkət etmək çox çətin idi. Amma yenə taktika öz işini gördü. Biz orada təxminən 10 gün - 2 həftə döyüşdükdən sonra müəyyən itkilərimiz oldu. Yeni qüvvəyə ehtiyac vardı. Bizi yenidən komplektləşdirdilər və üç günlük ərzaqla təmin etdilər ki, gedəcəyimiz mövqedə 3 gün ərzində qala bilək. Ona görə maksimum dərəcədə ehtiyacımızı təmin etməyə çalışdılar. Əsas lazım olan su və siqaret idi. Su ilə siqaret əsgər üçün çox şey deməkdir. Biz bir xeyli getdikdən sonra Cəbrayıl şəhərinin arxasında gecə saat 12-yə qədər mövqeləndik. Sonra yeni fərdi səngərlər qaza bildik. Səngərləri yeni qazmışdıq ki, gecə 12-də komanda gəldi ki, mövqeni dəyişməliyik. Gecə, ərazini tanımadan gedəndə yol daha da uzun görünür; ərazini tanımadığımız üçün yol həm uzun oldu, həm də hər qaranlıqda bir təhlükə var idi. O vəziyyətdə 3–4 dənə it vardı, yəqin ki, düşmən tərəfin itləri idi. O itlər çox qəribə, səssiz idilər və yanımızda gəzirdilər. Öyrədilməmiş it olsalar da, hardansa səs gəlirdisə qaçıb baxır, daha sonra quyruqlarını bulayaraq qayıdırdılar. Bilirdik ki, təhlükə yoxdur. Onlar bizim mövqeyə çatana qədər bizimlə getdilər. Şəkərçi istiqamətində mövqeləndik. Füzulidə məşhur daş karxanası var. Orada düşmən mövqelənmişdi. Qırmızı bazar istiqamətindən əsas yolu nəzarətdə saxlamışdılar ki, biz keçəndə vursunlar. Oradan bacardığımız qədər sürətlə keçdik və ilk keçən maşınları görmədilər. Lakin bizim üçüncü bölüyün üzərinə düşdü o zərbə. Şəhidimiz olmasa da xəsarət alanlar oldu. Orada da təxminən 8 günə yaxın döyüşdük. Oralar çox çətin idi. Düşmən kameraları hər yerə quraşdırıb bizi izləməyə çalışırdı. Maksimum 1–2 dəqiqə atəş aça bilirdilər. Yerləri bilinən kimi, ora bizim artileriya tərəfindən darmadağın olurdu. Ardıcıl ağıllı hücum etmək imkanları yox idi. Orada yüksək rütbəli zabitlərdən biri bizə belə dedi: “Düşmən qaçıb 30 il girdiyi həmin mövqedən çıxıb; onu məhv etmək lazımdır ki, yenidən mövqelərində güclənməsin. Nə bacarırsınız, qovun”. Taktika işə düşdü. Ona görə sürətli gedirdik ki, burada yenidən mövqelənə bilməsinlər.
Bizim tapşırığımız düşmənin geri çəkilməsinin qarşısını almaq idi. Məlumat var idi ki, bir müddət oralarda dayanmalıyıq.

Biz daha sonra Qubadlıya gəldik çıxdıq. Burada yol Hadruta girmədən Qarxud meşəsindən getməli idi. Biz maşınla irəliləyirdik. Getdiyimiz yerdə maşının düz yanına partlayıcı düşdü. Maşına bir şey olmadı, amma yan tərəflər yanırdı. Atəş o dərəcədə intensiv idi. O yerdə maşınları dar yolda birtəhər döndərə bildilər. Bir var döyüşə səngərdən gəlirsən, biri də var maşında hazır hədəfsən. Biz qayıdaraq, Qubadlıda mövqeləndik.
Bizi bir yaşayış məntəqəsində saldılar. Evlərin içinə girmək qadağan idi. Elə yer tapmalı idik ki, hədəf olmayaq. Bu an içində məlum oldu ki, biz bura düşməli deyildik. Maşınlar da bizi düşürən kimi getmişdilər. Çox çətin vəziyyətdə bir yaşayış məntəqəsi tapıb həyətinə girdik. Göstəriş gəldi ki, həyətdə dincəlin amma evə girməyin. Evlərə ona görə girmək olmazdı ki, hər cür təhlükə ilə üzləşə bilərdik. Bomba, yaxud evdə gizlənmiş silahlı ilə qarşılaşa bilərdik. Amma hava çox soyuq idi. Yağış da bizi islatmışdı. Məcbur olub həyətində olduğumuz evə girdim. Bu evdə yaşayan şəxslərin sənədləri çıxdı qabağıma. Gördüm ki, iki orta məktəb şəhadətnaməsidir üstündə sovet dövrü yazısı, biri rusca, biri azərbaycanca: “Azərbaycan SSR-i, Dağlıq Qarabağ Muxtar Vilayəti, Hadrut qəsəbəsi, Top kəndi”. Tez getdim komandirə dedim, bura Top kəndidir, biz Hadrutta qalmışıq. Bir gecə orada qaldıq. Uşaqlar qarmon tapmışdılar, evdən çıxarmışdılar. Dedim, verin, bir bayatı çalım. Barmaqlarım soyuqdan o qədər şişmişdi ki, ümumiyyətlə tətiyi güclə çəkirdim. Qarmon çalmaq mümkün deyildi. Amma orada 4–5 saat rahat yata bildik.
Oradan da çıxdıq. Artıq oktyabrın axırı, noyabrın əvvəli idi. Xocalının Sığnaq kəndində bizi maşın karvanlarının ötürdüyü yerdə yüksək rütbəli bir zabitimiz var idi. Orada maşınları bir-bir yığdı, dedi ki: “Qarşıda bir talvar (açıq sahə) var, oradan maksimum sürətlə keçin. Orada açıq hədəfsiniz”. Çünki yol birbaşa açıq hədəf idi. Meşəlikdən gəlirik, birdən-birə açıq sahəyə çıxırsan — fərqi budur. Amma meşəlik yol pis idi, dar idi. Buldozer əsasən qabaqda gedib bizim üçün yer açırdı. Bəzi yerlərdə yol o qədər dar idi ki, Ural maşınları keçə bilmirdi. Buldozer qabaqda çürümüş ağacları, maneələri çıxardıb yolu bir az genişləndirirdi. Sonra isə buldozeri geri çıxartmaq olmurdu, vaxt yox idi. Buldozer dərəyə doğru endirilirdi, maşınlar üstündən keçirdi. Belə çətin yolları maksimum sürətlə keçirdik. Sürət çox idi, harasa dəyə-dəyə gedirdik. Sonra hansısa meşənin içində bir mövqeyə çatdıq. Dedilər ki, buradan sonra maşın gedə bilməz. Düşdük piyada. Xeyli də piyada getdik — təxminən 4–5 km. Meşənin içindən mövqeləndik. Yüksəkl rütbəli zabitlər dedilər ki, zabit heyəti yığışsın. Elan etdilər: “Sabah hücumumuz Şuşayadır”.
Döyüşdə hər şey ola bilər, dözüm lazımdır, psixoloji hazırlanma vacibdir. Mən düşünürdüm ki, yəqin ərazi baxımından nəsə uyğunsuzluq var. Qarabağda yaşadığım dövrdə də Füzulidən Şuşaya getmək üçün yolun ya “aşağıdan”, ya “arxadan” olduğunu eşitmişdim, heç vaxt bilmirdim ki, başqa cür gedilir. Azad olunmamışdı. Ona görə də düşündüm: biz Şuşaya necə çıxa bilərik? Amma adamda qeyri-adi təsəvvür yaranır. 30 ildir işğalda olan bir şəhər, 30 ildir həsrət, dağıdılmış vəziyyət… və birdən deyirlər: “Səhər Şuşaya gedirik”. Ruh yüksəkliyi yaranırdı. Biz durduğumuz meşədən çıxdıq. Üz-üzə durduğumuz ərazi Topxana meşəsi imiş.
Sabah tezdən çıxış verdilər. Dağın tinindən çıxanda təxminən müəyyən etdim ki, Şuşanın Laçın tərəfindən gedirik. Çünki əks tərəf Xankəndi idi, oradan keçmək olmazdı. Gözümü teleqüllələrə zillədim. Teleqüllələri gördüyüm an bildim ki, həqiqətən Şuşadır. Amma çox təəssüf ki, artıq çox yorğun idim. Fiziki güc çatmırdı, bir az da təəssüf elədim ki, bu qədər yol gəlmişəm, axırını tam görə bilmirəm. Qəribə hiss idi.
Oradan çox çətin, enişli-yoxuşlu yerlərdən qalxırdıq. Həmin “Əqrəb postu” deyilən mövqeyə qalxdım. Orada çox dik bir yamac var idi. Elə-belə çıxmaq olmurdu. Çatan kimi artilleriya zərbəsi başladı. Çox yorğun idik. Harada “dayan” deyirdilərsə, dayanıb silahın üstünə söykənib uzanırdıq. Bir-iki dəqiqə keçməmiş mərmilər düşməyə başladı. Əvvəlcə uzaq düşürdü, sonra 20–30 metrə qədər yaxınlaşdı. Bizi dərhal meşənin içərisinə saldılar, orada mövqe tutduq, fərdi səngərlər qazıldı. Tabor komandirimiz Mayor Həmid Əliyev idi. Onu gördüm ki, balaca səngərdə uzanmaqdansa, dik dayanıb vəziyyəti müşahidə edir. Bu, onun öz işini bilən zabit olduğunu göstərirdi. Daşaltı əməliyyatı başlayanda ilk ağır yaralanan da o oldu. Mərmi ağacda partladı, ağır yaralandı. Bölük komandirimiz mayor Abdullayev Seymur idi. Onu da oradan çıxartdılar, ağır yaralı halda.
Artıq noyabrın ikisi idi. Yorulmuşdum, amma diqqətli olmalıydım. Sonradan bildim ki, mövqeləri mütləq qorumalı olmuşuq.

- Ən çətin vaxtınız hansı olub cəbhədə?
- Noyabrın 9-u səhər-səhər Kərkicahan tərəfdən atırdılar. Həmin o yol qovşağını da 3 istiqamətdən vururdular. Biz də orda yolun altında idik. Laçın tərəfdən bəlkə də 50 top atıdrdı. Onların hesablamasına görə o qaya uçub yolu kəsməli idi. Amma çox dözümlü qayalar idi. Yanımda bir polkovnik, bir onun sürücüsü var idi. Şəhərə də girə bilmirik. Bu atışmaların hardan necə edildiyini müəyyənləşdirmək istəyirdik ki, yerimizi müəyyənləşdirərək iriçaplı silahlarla bizi atəşə tutdular. UAZ avtomobilinin çadırı deşildi. Bizi orda atəşə tutaraq İsa bulağı tərəfə çıxardılar. O tərəfdə yerdə yarım metr dərinlikdə yer qazılmışdı. Ora daldalandıq. Ora da düşmən tərəfdən atəşə tutulduğu üçün məcbur olub oranı da tərk etdik. Polkovnik dedi ki, irəlidə restoran var bizim əsgərlər orda mövqelənib. Gedib onları istiqamətləndirim gəlim. Dedim: “Artilleriya vurur bizi, heç başımızı qaldıra bilmirik, necə gedəcəksən?” dedi gedəcəm, narahat olma. Getdi, təxminən 5 dəqiqədən sonra gördüm ki, polkovnik məni çağırır. Ayağından yaralanmışdı Arterial qanaxma başlamışdı və qan dəhşətli dərəcədə çox axırdı. Bizim də heç bir tibbi ləvazimatımız qalmamışdı. Tez botinkasını çıxardıq, botinkanın bağcıqları ilə ayağını iki tərəfdən bağladıq ki, qanaxmanı dayandıraq. Üstünə dəsmal basdıq. Amma qanaxma dayanmaq bilmirdi. Polkovnikin köməkçisi Rəsula dedim ki, necə edirsən et maşını çatdır bura. Qanaxmanın qarşısını almaq üçün onun hava ilə təmasını kəsmək üçün plastik paketlə qanaxmanı dayandırdım. Polkovniki maşına yerləşdirdik. Sürətlə Hadruta gəldik.
- Qələbə xəbərini necə aldınız?
- Polkovniki xəstəxanaya yerləşdirəndə orda səyyar hamam var idi. Orda yuyunduq, isti bişmiş yemək yedik. Özümüzə gəldik və gecələməyə başladıq. Bir də gördüm Ali Baş Komandanın səsini eşidirəm. Fikirləşdim ki, dağın başında bu səsi necə eşidə bilərəm? Çölə çıxdım ki, radioda səsi ucaldıblar və Ali Baş Komandan qələbəmizi elan edir. Sevincimizdən bilmirdik nə edək?.. Bu müharibədə bizdən də çox əziyyət çəkən evdəkilər oldu. Demək olar ki, müharibə müddətində mənə zəng çatmırdı. Təsəvvür edirsiniz yaxınlarınız hər gün iki dəfə zəng edib səni şəhidlər siyahısında yoxladırlar.
Ayın 8-i mobil telefonlarımıza şəbəkə gəldi. Mən də evdəkilərə zəng etdim. Xəbər verdim ki, ölməmişəm hələ, gələcəm. Mən döyüşlərdə ad, soyadım olan boyunbağını itirmişdim. Ona görə narahat idim ki, evə itkin, yaxud şəhid kimi xəbərim getməsin.
- Ordumuzun döyüş ruhu ilə bağlı nə deyə bilərsiniz?
- Mənə orada maraqlı gələn çağırışçı gənclərin, hərbiçilərin reaksiyaları idi. 18-20 yaşlı gənclər cəbhənin bu tərəfindən uşaq girdilər, o tərəfindən döyüşçü çıxdılar. Bu uşaqlarda qeyri-adi bir qorxmazlıq yaranmışdı. Bu, dövlətin idarə elədiyi ruh idi — lazım olanda döyüş ruhunu qaldırmağı da bilir, lazım olanda sülh ruhunu qaldırmağı da bilir. O dövrdə hamı döyüşmək istəyirdi. Bəlkə də xidmət müddətində olan adam ölümü daha çox dərk edirdi deyə müəyyən miqdar narahat olurdu, amma hamı döyüşmək istəyirdi. Heç bir döyüşdə yüksək rütbəli zabitlərin əsgərlə çiyin-çiyinə döyüşməsi nə yazılıb, nə də görməmişəm. Bizdə dediyim ki, hərbi hissənin zabitləri əlində avtomat, əsgər kimi döyüşə gedirdi.
- Hərbi silah-sursat məsələsində vəziyyətimiz necə idi?
- Bizim ordumuz silahlardan istifadəni daha düzgün tətbiq etdi. Düşmən mövqeyinin 75%-ni artilleriya məhv edir, 20%-ni aviasiya məhv edir, 5%-ni isə canlı qüvvə təmizləyir. Bu, dünyada qəbul olunmuş döyüş taktikasıdır. Biz o döyüş taktikalarını gözəl tətbiq etdik, istifadə etdik.
Hər əməliyyatda məşhur dronlarımız tam istifadə olunmadı, çünki əməliyyat dərinlikdə gedirdi. Hava şəraiti də təsir edirdi; hava şəraitindən başqa, qarşı tərəfin elektron mübarizə tədbirləri vardı. Buna görə dronların tətbiqi məhdudlaşırdı.
- Heç əsir düşmək təhlükəsilə bağlı düşünürdünüzmü?
- Dediklərim pafoslu çıxmasın. Hər birimiz bir gülləni ayrı saxlayırdıq ki, əsir düşsək özümüzü vuraq. Adam həm də inana bilmir buna. Əsir düşmək çox ani baş verir və baş verməyənə qədər qəbul eləmək istəmirsən.
- Son olaraq gənc nəslə nə tövsiyyə verərdiniz?
- Maksimum dərəcədə biliyə sahib olsunlar. Vətənpərvərlik tək müharibə aparmaq deyil. Müharibə elə bir şeydir ki, vətənpərvər oldun-olmadın bu sənin borcundur. Bizim Birinci Qarabağ müharibəsində də vətənpərvərlik var idi. Sadəcə komandanlıq yox idi. Demək istədiyim budur ki, qazandığımız qələbəni layiqincə qoruyub saxlasınlar.
Hazırladı: Ayhan Ağarzayev
15:51 30.10.2025
Oxunuş sayı: 2326