Dəm qazı canlar alır: Ekspert qorunmaq üçün yolları göstərdi
49 yaşlı Nəsimi Tarverdiyev Binə qəsəbəsindəki evində dəm qazından zəhərlənərək vəfat edib.
Suraxanıda baş verən bu hadisə dəm qazının nə qədər təhlükəli olduğunu bir daha göstərir. Evdə təhlükəsizlik qaydalarına riayət edilməməsi belə faciələrə səbəb ola bilər. Hamam və qaz cihazlarının istifadəsində diqqətli olmaq həyati önəmlidir.
Məsələ ilə bağlı təhlükəsizlik eksperti Elmar Nurəliyev Crossmedia.az-a açıqlamasında deyib ki, evdə qaz cihazlarından istifadə zamanı düzgün havalandırma, işlək tüstü bacaları və qaz/dəm qazı detektorları vacibdir: "Tüstü bacaları isə ildə ən azı iki dəfə təmizlənməlidir. Evdə qaz cihazlarından istifadə edəcək tərəf tələblərə ciddi riayət etməlidir. Qaz cihazı olan evdə mütləq düzgün havalandırma və ventilyasiya təmin olunmalıdır. Ümumiyyətlə, həm qazsız, həm də dəm qazına qarşı detektorlar olmalıdır. Təbii ki, dəm qazına qarşı detektor olduğunda, dəm qazı müəyyən səviyyəyə çatdıqda, xüsusi səs siqnalı vasitəsilə xəbərdarlıq veriləcək. Digər əsas məsələ isə tüstü bacalarının vaxtında təmizlənməsidir; bunu ildə ən azı iki dəfə təmin etmək lazımdır ki, yanma prosesinə hər hansı bir maneə yaranmasın. Dəm qazı tam yanma prosesinə cavabdeh olduğundan, yanma düzgün həyata keçməlidir".
Onun sözlərinə görə, yanma prosesinin düzgün getməməsinin səbəblərindən biri də havalandırmanın və tüstü bacalarının işlək olmamasıdır: "Tüstü bacaları işlək olmalı və normativ standartlara uyğun olmalıdır. Beləliklə, evdə ən vacib məsələlər bunlardır: düzgün havalandırma və ventilyasiya, işlək standartlara uyğun tüstü bacaları, həmçinin dəm qazı və qaz detektorlarının olmasıdır".
Ülvi Zahidov
10:45 30.10.2025
Oxunuş sayı: 1413