Əlaqələr sıxlaşır: Azərbaycan və Türkiyə arasında avtomobil nömrələri tanınacaq - AÇIQLAMA
Azərbaycan ilə Türkiyə arasında avtomobil nömrələrinin qarşılıqlı tanınması istiqamətində görülən işlər çox mühüm hadisədir. Bu qərar yaxın gələcəkdə tranzit yükdaşıması sahəsində, xüsusilə Zəngəzur dəhlizi və Gürcüstan üzərindən həyata keçirilən daşımalar baxımından, həm də iki ölkə arasında məlumat mübadiləsi və əməkdaşlıq səviyyəsinin yüksəlməsi baxımından əhəmiyyətli rol oynayacaq.
Azərbaycan və Türkiyə arasında avtomobil nömrələrinin qarşılıqlı tanınması prosesi barədə Crossmedia.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu proses beynəlxalq konvensiya çərçivəsində həyata keçirilsə də, Azərbaycan və Türkiyə münasibətləri artıq sadəcə “beynəlxalq əməkdaşlıq” səviyyəsindən daha irəlidədir: "Sözün əsl mənasında “bir millət, iki dövlət” prinsipi ilə formalaşan münasibətlər bu gün artıq “bir dövlət prinsipi” səviyyəsinə qədər yüksəlib. Bu addım həm vətəndaşlar, həm də dövlət qurumları arasında əlaqələrin daha sıx inteqrasiyasına xidmət edir. Xüsusilə, Daxili İşlər Nazirliyi və Dövlət Yol Polisi ilə Türkiyənin Daxili İşlər Nazirliyi və Trafik Polisi arasında əməkdaşlıq artıq yüksək səviyyəyə çatıb. Bu cür texnoloji və inzibati inteqrasiya yaxın gələcəkdə vətəndaşların sərbəst gediş-gəlişini təmin edən yeni mexanizmlərin yaradılmasına, eləcə də mövcud prosedurların sadələşdirilməsinə yol aça bilər”.
Eskpertin sözlərinə görə, Zəngəzur dəhlizinin açılması bu prosesə mühüm üstünlük qazandıracaq: “Bu dəhliz təkcə Azərbaycan və Türkiyəni deyil, həm də Naxçıvan Muxtar Respublikasını birləşdirərək, regionda quru nəqliyyat əlaqələrinin daha da möhkəmlənməsinə şərait yaradacaq. Bununla yanaşı, bu təşəbbüs ümumilikdə qlobal sistemin inteqrasiyasına – dövlətlər və xalqlar arasında əlaqələrin daha sıx, qarşılıqlı inam və birliyə əsaslanan münasibətlər səviyyəsinə yüksəlməsinə də töhfə verəcək”.
Türkanə Məşədiyeva
17:20 29.10.2025
Oxunuş sayı: 2598