Ekspert: Onlayn qumarın artması maliyyə savadlılığının aşağı səviyyəsi ilə bağlıdır
Son illərdə internet üzərindən fəaliyyət göstərən qumar platformalarının sayı sürətlə artır. Bu cür saytlar istifadəçilərə asan qazanc vəd etsə də, əksər hallarda insanları maddi itkilərə və hüquqi risklərə sürükləyir. Onlayn ödəniş sistemlərinin geniş yayılması, kriptovalyuta əməliyyatlarının artması və sosial şəbəkələrdə qumar reklamlarının çoxalması problemin daha da dərinləşməsinə səbəb olur. Bu tendensiya təkcə fərdlərin deyil, həm də ölkənin maliyyə təhlükəsizliyi üçün ciddi təhdid yaradır.
Məsələ ilə bağlı İT mütəxəssisi Elvin Abbasov Crossmedia.az saytına bildirib ki, bu cür tendensiyalar kibercinayətkarlığın təkamülünü və maliyyə cinayətlərində rəqəmsal anonimliyin axtarışını göstərir.
Ekspertin sözlərinə görə, onlayn qumarın artması bir sıra sosial və texnoloji amillərlə bağlıdır: “İnsanların maliyyə savadlılığının aşağı səviyyədə olması cinayətkar şəbəkələr üçün əlverişli şərait yaradır. Bu halların qarşısını almaq üçün bank nəzarəti gücləndirilməli, süni intellekt əsaslı monitorinq sistemləri tətbiq olunmalıdır. Eyni zamanda, vətəndaşlar arasında maarifləndirmə işləri aparılmalı və onlayn qumar platformalarının fəaliyyətinə qarşı beynəlxalq əməkdaşlıq genişləndirilməlidir".
Fidan Bəhmənova
20:41 28.10.2025
Oxunuş sayı: 2844