ABŞ "qaş düzəldərkən göz çıxarır": Şərqi Avropadakı savaş uzanır

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-la Kiyevə silah, o cümlədən uzaqmənzilli raketlərin tədarükü üçün böyük müqavilə bağlamaq planlarını açıqlayıb.
"Biz prezidentlə (ABŞ Donald Tramp - red.) əsas məqamları müzakirə etdik və razılaşdıq. İndi biz əməli icraata keçirik", - deyə o deyib.
Məlumata görə, müqavilə çərçivəsində silahların dəyəri təxminən 90 milyard dollar təşkil edəcək.
Maraqlıdır bu plan həyata keçirilərsə Rusiya-Ukrayna müharibəsinin gedişatına hansı təsirləri olacaq?
Bu barədə Crossmedia.az-a açıqlama verən politoloq İlqar Vəlizadə söyləyib ki, belə tədarüklər Rusiya- Ukrayna müharibəsini daha da uzada bilər: "Əlbəttə, ilk olaraq müəyyən edilməlidir ki, müqavilə hansı şərtlərlə icra olunacaq. Silahlar, əlbəttə, hissə- hissə Ukraynaya çatdırılacaq. Lakin bu silahların hansı istiqamətlərdə və nə məqsədlə istifadə olunacağı haqqında tam məlumat olmadan fikir bildirmək çətindir. Dünya praktikasından görünən odur ki, bu tip tədarüklər savaşı daha da uzada bilər. Ukraynanın silahlı qüvvələri müqavimətini gücləndirə, Rusiyanın mövqelərini dəyişdirə və nəticə etibarilə danışıqlarda əlverişli mövqeyini möhkəmləndirə bilər. Əsas məqsəd odur ki, Ukraynanın danışıqlardakı mövqeləri güclənsin və Rusiya öz qəti tələblərindən geri çəkilərək daha ədalətli şərtlərlə dialoqa gəlsin. Hazırda isə müharibənin yaxın müddətdə bitəcəyi real görünmür. Rusiya eyni zamanda silah istehsalı sahəsində fəaliyyətdədir, müxtəlif ölkələrdən tədarük edir və həmin silahların istehsalında istifadə olunan komponentləri xaricdən alır".
Politoloq, həmçinin bu proseslərin davamlı olduğunu qeyd edib: "Bu proses davamlı xarakter daşıyır. Düşünmək olmaz ki, 90 milyardlıq müqavilə Rusiyanı siyasi və hərbi məramlarından çəkindirə bilər. Yəni, hər halda görünən odur ki, münaqişə ən azından yaxın perspektivdə davam edəcək. Müharənin uzanması Kreml daxilindəki siyasi vəziyyətə təsir edir. Rusiya da başa düşür ki, məsələnin xeyli əvvəlcədən yekunlaşdırılması zəruridir".
Elmir Heydərli
13:25 29.09.2025
Oxunuş sayı: 1298