Bütün inqilablar özünə qayıdış və mədəniyyətə xidmətlə bitir

XX əsrin ikinci yarısında Azərbaycanın həm yazılı, həm də şifahi ədəbi-elmi mirasının toplanması, elmi işlənməsi, mühafizəsi və geniş ictimaiyyətə təqdim olunması sahəsində böyük işlər görüldü. Azərbaycanın kitab mirasının toplanması, elmi şəkildə öyrənilməsi, mühafizəsi sahəsində xalq yazıçısı Süleyman Rəhimovun, Əliheydər Qəhrəmanovun, Hüseyin Tagıyevin, professor Abuzər Xələfovun, Məryəmxanım Səmədovanın, Məmmədəli Müsəddiqin müstəsna rolu olmuşdur. Qeyd olunan bu böyük şəxsiyyətlərin hər-birinin həyatı və yaradıcılığı Azərbaycan mədəniyyətinin öyrənilməsi baxımından müstəsna əhəmiyyəti var və hal-hazırda Azərbaycan ictimaiyyətinin çox az tanıdığı Məmmədəli Müsəddiqin həyatı, elmi və bədii sahələrdə fəaliyyəti, xidmətləri haqqında kiçik bir araşdırmanı təqdim edirik.
Həyatı
Məmmədəli Hüseyn oğlu Müsəddiq 1922-ci il mart ayının 21-də Cənubi Azərbaycanın Sərab şəhərinin Gərməri vilayətinin Yengicə kəndində anadan olmuşdur. Ailənin üçüncü övladı olan Məmmədəli hələ kiçik yaşlarından öz ətrafına böyük marağı ilə qardaşlarından fərqlənirdi. Böyük qardaşı Həsənin faciəli şəkildə dünyasını dəyişməsi ailəyə ağır təsir göstərdi. Onların ikinci övladları Zülfüqar da daha çox İranın uzaq vilayətlərində işlədiyindən və evdə çox vaxt olmadığı üçün balaca Məmmədəli həmişə ailənin diqqət mərkəzində idi.
Məmmədəli Müsəddiqin atası Hacı Hüseyn Cənubi Azərbaycanda milli hərəkatın işritakçısı, xalqın böyük, mübariz oglu Şeyx Məhəmməd Xiyabaninin sədaqətli silahdaşlarından biri idi.
Görkəmli şəxsiyyət, möhkəm iradəyə malik olan Ş.M.Xiyabani 1917-1920-ci illər hərəkatına qədər İranda Məşrutə inqilabını görmüş, onun iştirakçısı olmuş və böyük təcrübə qazanmışdı.
Şeyxi Məhəmmədi digər inqilabçılardan fərqləndirən bir sıra cəhətlər var idi ki, bu barədə Mir Cəfər Pişəvəri xüsusi olaraq yazırdı: «Rəşidlik nəzəri ilə baxsaq, Səttarxan qəhrəman imiş... Amma fikir, elm və məlumat nöqteyi-nəzərindən baxsaq, Şeyxin məqamı fövqəladə böyükdür. Səttar rəşid imiş, Şeyx o xasiyyətlərə malik olduğu halda, bir də onun alimlik məqamı var idi. Şeyx bəlkə də cəng adamı deyildi. Amma tüfəng atanları o ruhlandırırdı. Şeyxin nitqi çox qəvi, olduqca məntiqi idi. Demək olar ki, quru bir səhrada bir gülə təsadüf edirsən. Şeyx də o cür güllərdən idi».
Təbriz şəhərində Demokrat partiyasının Əyalət Komitəsinin 1917-ci il avqust ayının 24-də geniş konfransı keçirildi. Bu konfransda komitənin Təbrizdən başqa, Ərdəbil, Zəncan, Qəzvin, Gərməri, Miyana və digər şəhərlərdəki təşkilatlarından 480 nəfər nümayəndə iştirak edirdi. Məmmədəli Müsəddiqin atası Hacı Hüseyn də bu nümayəndələrin sırasında idi. Burada Azərbaycan Demokrat Partiyası (ADP) müstəqil partiya olduğunu elan etdi. Konfrans həmçinin Xiyabani başda olmaqla, partiyanın Mərkəzi Komitəsini seçdi və partiyanın qarşıdakı vəzifələrini müəyyənləşdirən geniş qətnamələr qəbul etdi.
1920-ci ilin əvvəllərində mərkəzi hökumətin, onun başçısı Vüsuqüddövlənin bütün İranda, xüsusilə Cənubi Azərbaycanda cəza tədbirlərini gücləndirməsi, buraya yeni polis dəstələri göndərməsi, digər tərəfdən İrandakı ingilis komandanlığının təcrübəli zabitlərinin Təbrizdə yerləşdirilməsi, ADP üzvlərindən bir neçəsinin həbs edilməsi 8 aydan artıq hazırlanmış üsyanın başlanması üçün bilavasitə səbəb oldu.
Aprelin 6-da Təbrizdə ADP-nin rəhbərliyi altında üsyan başlandı. Bununla da Ş.M.Xiyabaninin ictimai-siyasi və dövlət xadimi kimi fəaliyyəti daha da gücləndi. Üsyanı idarə etmək üçün Xiyabaninin rəhbərliyi ilə ictimai heyət yaradıldı. İki gün ərzində demək olar ki, Təbrizdə əsas dövlət idarələri üsyançıların əlinə keçdi. Aprelin 7-də polis və jandarm dəstələri də silahlarını təhvil verərək, üsyançılara qoşuldular. Üsyanın rəhbərliyi Tehrandan göndərilmiş dövlət məmurlarını və hərbi qulluqçuları idarələrindən kənar edərək Təbrizdən qovdular.
Üsyanın hərəkətveriçi qüvvələrini emalatxanalarda çalışan sənətkar və fəhlələr, xırda tacirlər və şəhər yoxsulları təşkil edirdi. Üsyanda ziyalıların, milli ticarət burjuaziyasının, liberal mülkədarların, ruhanilərin, orta və aşağı təbəqələrin nümayəndələri və Təbriz mahalının kəndliləri də iştirak edirdilər. Üsyanda iştirak etmək üçün Gərməridən gələn dəstənin içərisində Hacı Hüseyn də var idi.
1920-ci il sentyabrın 11-də irticaçı qüvvələr Milli hökumətin üzərinə qəfil hücuma keçdilər. Sentyabrın 12-də «Ala qapı» alındı, 14-də isə Ş.M.Xiyabani vəhşicəsinə öldürüldü. Üsyançılara amansızcasına divan tutuldu, 300 nəfərdən çox adam edam edildi, bir çoxları həbs olundu. Üsyan fəallarından olan Ş.M.Xiyabaninin, Badamçının, Gənceynin, Abdulzadənin və başqalarının evləri qarət edildi. Evi qarət olunanlar içərisində Hacı Hüseyn də var idi. Məmmədəlinin atası Hacı Hüseyn Şeyx Məhəmməd Xiyabani hərəkatında yaxından iştirak etdiyinə görə, bir neçə məsləkdaşı ilə birlikdə həbs edilmiş, var-yoxları dövlət adamları və yerli mülkədarlar tərəfindən qarət olunmuşdu. Bununla kifayətlənməyən dövlət məmurları Hacı Hüseyni meydanda ayaqlarından başı aşağı asır və buradan qurtarmaq üçün ailəsindən əlavə vəsait tələb edirlər. Ailənin min bir çətinliklə topladığı pulun sayəsində həbsdən canını qurtaran Hacı Hüseyn daha bu kənddə yaşamağın mümkünsüzlüyünü görüb ailəsini də götürərək Miyana şəhərinə köçür. Beləliklə Miyana şəhəri kiçik Məmmədəli üçün ikinci doğma şəhər olur.
İlk təhsilini Yenkicədə atasından alan Məmmədəli burada həm də molla məktəbinə gedir. Miyana şəhərinə köçdükdən sonra orada dövlət məktəbində təhsilini davam etdirərək orta məktəbi bitirir.
İnqilabi fəaliyyət
İti müşahidə qabiliyyətinə, möhkəm iradəyə malik olan gənc Məmmədəlinin doğma yurduna, vətəninə olan sonsuz sevgisi onu atasının mübarizə yolunu davam etdirməyə, 1941-ci ildə Cənubda baş verən siyasi cərəyanlarda iştirak etməyə yönəltdi. Elə həmin ildə o, yenicə yaranmış İran Xalq Partiyasına daxil oldu.
S.C.Pişəvəri Cənubi Azərbaycanda yaranmış inqilabi şəraiti düzgün qiymətləndirərək 1945-ci il sentyabr ayının 3-də Azərbaycan Demokrat Firqəsini yaratdı. Pişəvərinin təşkilatçılıq fəaliyyəti, rəhbərlik istedadı və geniş dünyagörüşü sayəsində Azərbaycan Demokrat Firqəsi qısa müddət ərzində Cənubi Azərbaycanın bütün zəhmətkeş təbəqələrini və milli qüvvələrini öz bayrağı altında birləşdirib tarixi xalq hərəkatını yarada bildi. Həmin ilin sentyabr ayında S.C.Pişəvərinin çağırışı ilə Azərbaycanın milli qüvvələri İranın müxtəlif siyasi təşkilatlardan xaric olundular və Azərbaycan Demokrat Firqəsinə üzv edildilər. Məmmədəli Müsəddiq də ADF-yə üzv olanlar sırasında idi.
Siyasi fəaliyyətə görə M.Müsəddiq atası ilə birlikdə həbs edilir və bu dəfə də Tehran hökuməti tərəfindən talan olunur. Bir müddətdən sonra, həbsdən azad edildikdə atası artıq yaşlı və xəstə olduğu üçün Məmmədəli siyasi fəaliyyətini müstəqil olaraq davam etdirir.
Azərbaycan Milli Hökuməti 1946-cı ilin dekabr ayının 12-də (21 Azər) süqut etdi. Azərbaycanın milli müstəqilliyi uğrunda mübarizə edən fədailər, ADF rəhbərləri və üzvləri təqib edilir, həbs olunur, edam edilir, sürgün olunurlar. Çox böyük bir dəstə sovet Azərbaycanına mühacirət edir.
Sovet Azərbaycanında
İran şah rejimi tərəfindən edam hökmü almış Məmmədəli Müsəddiq də mühacirət etmək məcburiyyətində qalır. 1947-ci ildə Şimali Azərbaycana gələn Məmmədəli Müsəddiq Sovet İttifaqına gəlir və mühacirətdə ilk illəri ağır keçir. İlk fürsətdə Gəncəyə gedərək “Kirovabad” Kənd Təsərrüfatı Texnikumuna daxil olur, 1953-cü ildə buranı əla qiymətlərlə bitirərək Ağstafa pambıqçılıq təcrübə tarlasında işə başlayır.
O illərdə Bakıda fəaliyyətini bərpa edən Azərbaycan Demokrat Firqəsinin (ADF) təyinatı ilə o, siyasi təhsil almaq üçün Ali Partiya Məktəbinə göndərilir. ADF, o illərdə, mühacirətdə öz kadrlarını toplamaq, siyasi və mədəni fəaliyyətini genişləndirmək məqsədi ilə milli hərəkatın aktiv üzvlərini Bakıya çagırır, onların təhsil problemlərini həll edir, partiyanın siyasi orqanı olan “Azərbaycan ruznaməsini”, "Azərbaycan" jurnalının çapını bərpa etməyə çalışırdı.
O, 1954-1958-ci illərdə Bakıda Ali Partiya məktəbində təhsilini bitirdikdən sonra, 28.11.1958-ci ildən M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında işə başladı. İşlədiyi dövrlərdə Diyarşünaslıq və milli biblioqrafiya şöbəsində biblioqraf, Kitabsaxlayıcı şöbəsində biblioqraf, Xidmət şöbəsində biblioqraf, Metodik təminat şöbəsində baş kitabxanaçı, Arxiv şöbəsində baş kitabxanaçı, uzun müddət Arxiv şöbəsinin müdiri vəzifələrində işləmişdir. Milli kitabxanada fəaliyyəti illərində M.Müsəddiq ciddi elmi və ədəbi fəaliyyəti ilə yanaşı Azərbaycan Demokrat Firqəsinin siyasi işlərində də yaxından iştirak edir.
1969-cu ildə görkəmli ədəbiyyatşunas alim Feyzulla Qasımzadənin rəhbərliyi ilə “Mirzə Mehdi Şükuhinin həyat və yaradıcılığı” mövzusunda namizədlik disertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alır və 1970-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində dərs deməyə başlayır.
M.Müsəddiq akademik fəaliyyətində uzunmüddətli və yorulmaz əməyinə görə 1988-ci ildə “Əmək veteranı” medalı ilə təltif olunur. Fars və ərəb dillərini mükəmməl bildiyi səbəbindən Azərbaycan kitabxanalarında qorunub saxlanılan orta əsr kitab mirasımızın öyrənilməsi və kataloqlaşdırılmasının təşkilində əhəmiyyətli rol oynadı. “Azərbaycan kitabı” biblioqrafiyasının hazırlanmasında, xüsusilə də onun birinci cildinin tərtibatında M.Müsəddiq yaxından iştirak etdi.
1960-cı illərdə Azərbaycanın milli kitab irsinin toplanması, elmi şəkildə öyrənilməsi konsepsiyasının hazırlanması sahəsində Azərbaycan Milli Kitabxanasında geniş iş başlandı. Milli biblioqrafiyanın yaradılmasına ölkənin nüfuzlu alimləri cəlb edilmişdi. Milli Kitabxana ilə yanaşı AMEA-nın “Əlyazmalar institutunun” da əməkdəşları daxil olan heyyət XIX əsrdən başlayaraq “milli çap kitabı” kolleksiyasının toplanması və kataloqlaşdırılması işini həyata keçirməli idi.
M.Müsəddiq akademik Əziz Mirəhmədov ilə “Azərbaycan kitabının” birinci cildinə daxil ediləçək hər bir nəşrin geniş müzakirəsini apardığını və alimin bu məsələyə nə qədər məsuliyyətlə yanaşdığını öz xatirələrində danışırdı. Bu müzakirələr nəticəsində Azərbaycan milli kitabı konsepsiyası formalaşdı və akademik Əziz Mirəhmədovun kitabın birinci cildinə yazdığı “ön sözdə” öz əksini tapdı.
1997-ci il fevralın 21-də tanınmış ziyalı, siyasi xadim, ədəbiyyatçı və pedaqoq Məmmədəli Müsəddiq dünyasını dəyişir. Vəfat etməmişdən bir qədər əvvəl övladlarına və ömür boyu xidmət etdiyi xalqına bir vəsiyyətnamə yazır. Vəsiyyətnamədə deyilir:
“Ey balalarım! Dostlarım! İstəyən və arzulayanlarım! Bu fani dünyada özümü anlayandan, dünyanı tərk edənəcən Azərbaycanı bölüb hakimiyyət edən, hər vasitə ilə Azərbaycan türkləri olan bizim xalqı aradan aparmağa çalışan rus və fars hakimiyyətinə, şovinizmi son həddə çatdıran hər iki millətin şovinist hakimiyyəti əleyhinə yorulmadan mübarizə aparmışam, onların mənfur millətçi siyasətlərini ifşa etmişəm. Qəbrimin üstündə bitəcək otlar da bu mübarizədən su içəcək”.
Vəsiyyətnamədən göründüyü kimi, Müsəddiqin ictimai məzmun daşıyan şəxsi fikirlərinin arxasında vətəninin azadlığı uğrunda mübarizələrdə formalaşan, öz “mən”ini dərindən dərk edən bir şəxsiyyət ömrü dayanır. Daha sonra burada oxuyuruq: “Məni istəyən övlad, qohum, vətənini və xalqını istəyən bütün Azərbaycan türklərinə bütün Azərbaycan əhalisinə müraciət edirəm; fars, rus və rus şovinizminin tulası, fars şovinizminin bizə qarşı mübarizə şəriki olan erməni faşizminə qarşı mübarizəni bir an dayandırmayın, bəsdir, yatmayın, mübarizəni çox ciddi şəkildə aparmasanız öz varlığınıza xəyanət etmiş olarsız, düşmənə rəhm edən özünə xəyanət etmiş olar.
Əziz balalarım! Biri-birinizdən ayrılmayın! Qüvvənizi parçalamayın! Qüvvə və qüdrət birlikdədir. Birliyinizi pozmağa çalışanları rədd edin. Birlik bütün çətinlikləri asanlaşdıran, zəhmətləri azaldan, rahatlıq gətirəndir. Təklik qüdrəti azaldan, əzabı çoxaldan, düşmən hücumuna şərait yaradandır. Birlikdə dilinizi və vətəninizi qoruyun, dili olmayan millət yoxdur, vətəni olmayan millət quldur. Qüdrətli, sənətli, cəsarətli və məharətli olun! Belə olsanız dostunuz çox olar, şahlar da qapınıza gələrlər. Bir olun! Bir olun! Bir olun! ... Ata, ana və böyükləri yaddan çıxarmayın ki, özünüz də yaddan çıxmayasız. Uşaqlarınız görsələr ki, ata, ana və böyüklərə ehtiram edirsiz, onlar da sizə ehtiram edəcəklər.”
M.Müsəddiq siyasi mübarizəsində uğur qazanmış xoşbəxt inqilabçılardan oldu. İranda şahlıq istibdadına qarşı etdiyi mübarizədə qalib gəldi və İran şahlıq rejiminin dağılmasının şahidi oldu və bu yolda çəkdiyi zəhmətlərin əbəs olmadığını gördü. Eləcə də Sovet buxovundan qurtaran Azərbaycan Respublikasının istiqlalının da şahidi, iştirakçısı və azad Azərbaycanın vətəndaşı oldu.
Ədəbi yaradıcılığı
Məmmədəli Müsəddiq yalnız “cənublu”, "siyasi mühacir" deyil, bütöv, Böyük Azərbaycan dərdinə yanan, bu yanğını öz həyatında yaşayan, yaradıcılığında dərindən əks etdirən bir vətəndaş oldu. O, "Qobustan", “Mədəni maarif işçisi", "Kitablar aləmində", "Azərbaycan", "Varlıq", “İnqilab yolunda" adlı jurnallarda, "Ədəbiyyat və incəsənət", "Bakı", "Azərbaycan" qəzetlərində və "Azərbaycan Sovet Ensiklopediyası”nda mütəmadi olaraq çıxış edir, məqalələri çap olunurdu.
Məmmədəli Müsəddiq doğrudan da Vətən yolunda yorulmaz bir mücahid, fədai, bir döyüşçü, mübariz ruhlu, yenilməz bir vətənsevər idi. Həyat onu tərkisilah etməmişdi, onu, səngərdən çıxarıb silah əvəzinə əlinə qələm vermişdi. Bakıya gələndən sonra Məmmədəli Müsəddiqin silahı qələm, silahdaşı mədəniyyət, maarif və söz olmuşdı. O, ömrünün sonunadək məğrur, bütöv bir vətəndaş ömrü yaşadı və yaradıcılığını Təbriz, Miyana səngərlərinin davamına çevirdi.
Onun istər bədii yaradıcılığı, istər tərcümələri Vətən həsrətindən, Vətən uğrunda mübarizə əzmindən güc alıb. Bu böyük qəlbli, tərəqqipərvər insan öz xalqına, millətinə bağlı olmuş, bu xalqın uğurları ilə sevinmiş, onun gələcəyinə böyük ümidlər bəsləmişdir.
Məmmədəli Müsəddiqin həsrət və ayrılıq ifadə edən “Azərbaycan”, "Tənha və tənha qalmışam", "Təbrizimin", "Yurdumu dağıdanlara", "Ata", "Anacan", "Ana dilim", "Aman dostlar", "Ağardın saçım, ağardın", ”And olsun”, ”Bürümüş”, ”Beş qəhrəman” və s. bu kimi silsilə şeirlərində ənənəvi və milli kaloritli poetik mənzərələr özünəməxsus ifadə olunur.
Məmmədəli Müsəddiqin poetik dünyasında bir vətəndaş, əsl insan obrazı əks etdirilir. Onun poeziyasında təsvir olunan bu şəxs Vətəni hər şeydən üstün tutan, onun gələcəyinə yüksək inamı olan bir şəxsiyyətdir. Yaradıcılığı ilə dərindən tanışlıq göstərir ki, həmin şəxsiyyət elə şairin özüdür. Problemin bu cür qoyuluşunda onun lirikasının vətəndaşlıq mündəricəsi əhəmiyyətli dərəcədə dərinləşir, yüksək fəlsəfı dəyərlər kəsb edir. Bu şəxs öz dilinin, öz Vətəninin, öz tarixinin, gələcəyinin təəssübkeşi rolunda çıxış edir. Bu onun “Ana dilim” şeirində obrazlı şəkildə öz əksini tapmışdır.
Onun yaradıcılığında müasir dünyanın, ictimai-siyasi həyatın, inqilabi ideyaların təsvir və tərənnümü də özünəməxsus yer tutur. Məmmədəli Müsəddiqin 1941-46-cı illərdə Cənubi Azərbaycanda milli-azadlıq hərəkatından güc alan lirikası və bu lirikada sülhün, demokratiyanın, azadlığın tərənnümü onun bütün yaradıcılığının ana xəttini təşkil edir. Vətənə, torpağa olan sonsuz məhəbbət, bağlılıq şairin poetik “mən”ində öz ifadəsini tapır.
Eləcə də, Məmmədəli Müsəddiq şeirlərində Vətən həsrətinin acı və ağrıları, məhrumiyyət və ağırlıqları real həyati təzahürdə özünü göstərməklə bərabər, vətənin yetişdirdiyi mərd qəhrəmanlarla qürur duyulur. M.Müsəddiq həm şəxsi həyatında həm də poetik düşüncələrində vacvib hesab etdiyi iki istiqamətə daim xidmət edir- mədəniyyət və maarif “agacına” su vermək, milli azadlıq və suverenliyə “qurbanlar” verməyin ucalıgına.
Ağac su içməsə bar verə bilməz,
Azadlıq ağacı qansız göyərməz…
Bu yolu özünə həyat yolu seçmiş böyük insan milli-vətənpərvərlik düşüncələri ilə də dünyasını dəyişdirir. Aşagıda təqdim olunan əsərlərini xalqına miras qoyur.
Pərviz Kazımi
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru
18:59 29.09.2025
Oxunuş sayı: 5162
