Ərdoğan müraciət etdi, Azərbaycan Fələstini tanıyacaq?: "Yaxın zamanda..." - keçmiş nazir açıqladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya dövlətlərini Fələstini tanımağa çağırıb.
O, bu barədə ABŞ-nin "Newsweek" nəşrində dərc olunan məqaləsində yazıb.
Dövlət başçısı bildirib ki, Türkiyə atəşkəsin təmin olunması, humanitar yardımların davamlı çatdırılması və ikidövlətli həll yolu üçün səylərini davam etdirməkdədir: "Ədalətli sülh o zaman mümkündür ki, Fələstin xalqı 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan müstəqil, ərazisi toxunulmaz dövlətə nail olsun. Bu, Yaxın Şərqdə davamlı sülh və sabitlik üçün vacibdir. Dünya xalqlarına çağırışımız aydındır: Fələstin dövlətini tanıyın".
Artıq son günlər bir çox dövlətlər Avstraliya, Portuqaliya kimi dövlətlər Fələstin dövlətini rəsmən tanımağa başlayıblar.
Yəqin ki, dünya dövlətləri Fələstini tanımağa davam edəcəklər. İndi əsas sual budur: Azərbaycan Ərdoğanın bu çağırışına necə reaksiya verəcək?
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov iki dövlətin qarşılıqlı tanınması məsələsinin beynəlxalq hüququn, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamələrdə öz əksini tapdığını və bunun normal bir hal olduğunu qeyd edib : "Məlumdur ki, iki dövlətin qarşılıqlı tanınması məsələsi beynəlxalq hüququn, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamələrdə öz əksini tapıb. Azərbaycan da bu qətnamələrin tələblərinə uyğun olaraq İsrail və Fələstin dövlətlərinin yaradılmasının tərəfdarıdır. Lakin əsas problem ondan ibarətdir ki, hər iki dövlətin maraqları bir-biri ilə ziddiyyət təşkil edir. Bu səbəbdən də məsələ hələ də tam həllini tapmayıb. Müxtəlif ölkələr isə danışıqlar yolu ilə bu məsələnin sülh şəraitində həll olunmasının tərəfdarı kimi çıxış edirlər. Əslində, bu məsələnin hüquqi və siyasi bünövrəsi Oslo Razılaşmalarında qoyulub. Azərbaycan da mövcud vəziyyəti nəzərə alaraq yaxın gələcəkdə öz rəsmi mövqeyini açıqlaya bilər. Hər halda, tanınma prosesi mərhələli şəkildə həyata keçirilə bilər".
Keçmiş XİN rəhbəri, həmçinin Azərbaycanı Fələstinin müstəqilliyi tanıması fonunda İsraillə münasibətlərin necə dəyişəcəyindən də danışıb: "Azərbaycan həm İsraillə, həm də Fələstinlə münasibətlər saxlayır. Bu baxımdan ölkəmizin mövqeyi balanslaşdırılmış, beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanan yanaşma üzərində qurulacaqdır".
Elmir Heydərli
12:10 23.09.2025
Oxunuş sayı: 5551