İsrail və Suriya Bakıda bir araya gəlir: Azərbaycan kimi etibarlı tərəfin vasitəçiliyi gələcəyə ümid yaradır - Deputat

Bakıda İsrail və Suriya nümayəndələri arasında təhlükəsizlik məsələləri üzrə görüşü keçiriləcək. Məlumata görə, sentyabrın 18-də Bakıda İsrailin strateji planlaşma naziri Ron Dermer və Suriyanın xarici işlər naziri Əsəd əl-Şibani arasında görüş keçiriləcək və tərəflər təhlükəsizlik razılaşması təklifini müzakirə edəcəklər. Danışıqlarda ABŞ-nin xüsusi elçisi Tom Barrak da iştirak edəcək. Toplantı bu formatda üçüncü üçtərəfli görüş olacaq.
Maraqlıdır bu görüş gələcək perspektivdə iki dövlət arasında hansı nəticələr yaradacaq?
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Hüseynov Bakıda keçirilməsi gözlənilən İsrail və Suriya nümayəndələrinin təhlükəsizlik məsələləri üzrə görüşünün önəmli hadisələrdən biri olduğunu qeyd edib: "Sentyabrın 18-də Bakıda keçirilməsi gözlənilən İsrail və Suriya nümayəndələrinin təhlükəsizlik məsələləri üzrə görüşü önəmli hadisələrdən biridir. Azərbaycanın paytaxtı Bakının bu cür dialoqa ev sahibliyi etməsi isə təsadüfi deyil. Çünki Bakı artıq uzun müddətdir regionda və onun hüdudlarından kənarda etibarlı tərəfdaş, sabitlik adası və danışıqlar meydanı kimi tanınır. Müxtəlif siyasi maraqları olan tərəflərin məhz Bakını seçməsi Azərbaycanın beynəlxalq nüfuzunun və balanslı diplomatiyasının nəticəsidir. İsrail və Suriya kimi bir-biri ilə dərin ziddiyyətlərə malik ölkələrin bu şəhərdə üz-üzə gəlməsi Azərbaycanın qlobal dialoq mərkəzi rolunu bir daha təsdiqləyir.
Görüşün gündəliyində təhlükəsizlik məsələlərinin dayanması xüsusilə önəmlidir. Yaxın Şərq regionu uzun illərdir münaqişələrin, silahlı qarşıdurmaların, humanitar böhranların mərkəzindədir. Bu baxımdan Bakıda aparılacaq hər bir söhbət, irəli sürüləcək hər bir təklif regional sabitliyə yönələn addım kimi qəbul edilə bilər. Əlbəttə, bir görüşlə bütün problemlərin həll olunacağı gözlənilmir. Amma tərəflərin dialoqa meyil göstərməsi və bu prosesdə Azərbaycan kimi neytral və etibarlı tərəfin vasitəçiliyi gələcəyə ümid yaradır".
Deputat həmçinin Bakıda keçiriləcək İsrail-Suriya görüşü həm region, həm də beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli siqnal olduğunu bildirib.
"Beləliklə, Bakıda keçiriləcək İsrail-Suriya görüşü həm region, həm də beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli siqnaldır. Bu, Azərbaycan diplomatiyasının nüfuzunu artırmaqla yanaşı, sülh və təhlükəsizlik naminə dialoqun vacibliyini bir daha ön plana çəkir. Dünyanın gərginliklər içində olduğu bir vaxtda belə təşəbbüslərin dəyəri ikiqat artır – çünki hər bir dialoq savaşın yaratdığı uçurumlardan daha möhkəm körpülər qurur. Görüş də məhz belə hadisələrdən biridir. Uzun illərdir münasibətləri gərginlik və qarşıdurmalar üzərində qurulan bu iki ölkənin danışıqlar masasına oturması, özü-özlüyündə, diqqətçəkən və tarixi əhəmiyyət daşıyan məqamdır" - deyə deputata qeyd edib.
Elmir Heydərli
16:24 17.09.2025
Oxunuş sayı: 1313