Qəhrəman, yoxsa xain prezident?: Zelenski ya öldürüləcək, ya istefa verəcək, ya da...

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq Ukraynanın bir ildən sonra qeyd olunacaq müstəqilliyinin 35-ci ildönümünə qədər Rusiya ilə Ukrayna arasında münaqişənin başa çatacağına ümid etdiyini bildirib.
“Ümid edirəm ki, bir ildən sonra, Ukraynanın növbəti Müstəqillik Günündə, onun 35-ci ildönümündə növbəti dua səhər yeməyi fərqli olacaq, növbəti dəfə duaetmə mərasimi keçirəndə Ukrayna başqa ölkə olacaq”, - o deyib.
Kelloq həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar Ukrayna üçün mümkün qədər tez bir zamanda uzunmüddətli təhlükəsizlik təminatlarına nail olmaq üçün fəal işləyir. “Üzərində çalışdığımız sülh prosesini görürsünüz. Çox çalışırıq. Biz qısa müddətdə ən yaxşı uzunmüddətli təhlükəsizlik zəmanətlərinə nail olacağımıza ümid edirik”, - o vurğulayıb.
Qeyd edək ki, Keyt Kelloq avqustun 24-də Kiyevə iki günlük səfərə gəlib. Səfər Ukraynanın Müstəqillik Günü ilə bağlı tədbirlərdə iştirakla bağlıdır.
Amaerikalı diplomatın açıqlamasını Crossmedia.az-a şərh edən siyasi analitik Kənan Novruzov vəziyyətin o qədər də sadə olmadığını bildirib: “Birincisi, müharibənin gələn il bitib-bitməməsi tərəflərin ritorikasından asılıdır. Hazırkı reallıq göstərir ki, yaxın vaxtlarda sülhün əldə olunması gözlənilmir. Çünki nə Rusiya, nə də Ukrayna güzəştə getmək niyyətindədir. Moskva maksimalist mövqe sərgiləyir, nəzarət etmədiyi əraziləri belə tələb edir. Ukrayna isə bu tələbləri qəbul etmək istəmir. Rəsmi Kiyev güzəştə getsə, indiyədək apardığı müharibə mənasız görünəcək və Volodimir Zelenskinin hakimiyyətdə qalması qeyri-mümkün olacaq. Xalq onu bağışlamayacaq".
Siyasi şərhçi qeyd edib ki, Rusiya da güzəştə getmək istəmir: "Çünki bu, Moskvanın siyasi zəifliyi kimi qiymətləndiriləcək. ABŞ Prezidenti Donald Tramp isə bütün səylərinə baxmayaraq, tərəfləri masa arxasına gətirə bilmir. Tramp əvvəlcə Rusiya ilə münasibətləri normallaşdırmaqla müharibəni dayandırmağa çalışdı. Amma buna nail olmadıqda "B variantı"na keçdi – Rusiyaya maksimum təzyiq siyasəti. Əslində Ukraynanı masa arxasına gətirmək asandır. Burada əsas məsələ ABŞ-la Rusiyanın razılığa gəlməsidir.”
K. Novruzov hesab edir ki, prosesə Avropa da ciddi təsir göstərir: “Avropa ABŞ-dən fərqli olaraq müharibənin bitməsində maraqlı deyil. Ona görə də Kiyevi silahlandırır və döyüşməyə təşviq edir. Beləcə, atəşkəs bir an da olsa əldə olunmur. Əslində burada ABŞ-Avropa rəqabəti də mövcuddur. Faktiki olaraq Zelenski çıxılmaz vəziyyətdədir. Prezident müharibəni dayandırsa, xalq tərəfindən xəyanətkar elan olunacaq və devriləcək. Ona görə də müharibəni davam etdirmək məcburiyyətindədir. Yeganə çıxış yolu budur ki, Zelenski ya Qərb tərəfindən siyasi səhnədən uzaqlaşdırılsın, ya istefa versin, ya da ölkəni tərk etsin. Bu üç variantdan biri baş verməyincə müharibə bitməyəcək.”
Kelloqun Ukraynaya təhlükəsizlik təminatları ilə bağlı açıqlamasına da toxunan K. Novruzov bildirib ki, bu, real deyil: “Əgər ABŞ, həqiqətən, Kiyevə təhlükəsizlik təminatı versə, bu, birbaşa Rusiya ilə müharibə deməkdir. Avropa isə belə bir addımı atmaz. ABŞ və Avropa Ukraynanı şirin vədlərlə aldatmağa davam edəcək, amma real zəmanət verilməyəcək. Müharibənin bitməsi üçün iki əsas şərt var. Birincisi, ABŞ Avropa, ardınca isə Rusiya ilə razılığa gəlməlidir. Bu razılaşmalar baş tutarsa, Ukraynanı masaya gətirmək asan olacaq. Amma bunlar olmadığı müddətdə müharibənin bitməsi real görünmür".
Mehriban Yariyeva
12:23 26.08.2025
Oxunuş sayı: 800